...

Almaniya-Azərbaycan işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2013 16:19 (UTC +04:00)
İyulun 17-18-də Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun 3-cü iclası keçirilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Almaniya-Azərbaycan işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 22 iyul /Trend/

İyulun 17-18-də Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun 3-cü iclası keçirilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasa Almaniya tərəfindən Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin xarici iqtisadi siyasət baş idarəsinin direktoru Karl-Ernst Brauner, Azərbaycan tərəfdən isə İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev rəhbərlik edib. Azərbaycan nümayəndə heyətinin tərkibinə Səhiyyə, Sənaye və Energetika nazirliklərinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin və Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Almaniyadakı nümayəndəsi daxil idilər. Tədbirdə, həmçinin Azərbaycanın Almaniyadakı səfiri və Ştutqartdakı fəxri konsulu iştirak ediblər.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 2-ci iclasından ötən dövrdə görülən işlər, investisiya, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirak imkanları, enerji səmərəliliyi və bərpa olunnan enerji, dövlət mülkiyyətində olan müəssisələrin idarə olunması və özəlləşdirilməsi, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, tvinninq layihələrinin icrası, peşə təhsili, Azərbaycan həkimlərinin Almaniya klinikalarında təcrübə keçməsi, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı və bir sıra digər məsələlər müzakirə olunub, müvafiq razılıqlar əldə edilib.

İclas zamanı "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin fəaliyyətinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə Almaniyanın müvafiq qurumu arasında əməkdaşlığa dair təqdimatlar keçirilib.

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun 4-cü iclasının 2014-cü ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti