...

Mərkəzi Bank: Milli valyutanın dizaynının dəyişdirilməsi məsələsi gündəlikdə deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2013 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Axundov/

Milli valyutanın dizaynının dəyişdirilməsi və yeni əsginazların buraxılması ilə bağlı qəti addımlar Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü gündəliyinə daxil deyil. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov bildirib.

Bununla yanaşı, E.Rüstəmov gələcəkdə belə qərarların qəbul ediləcəyini istisna etməyib: "Hələlik makroiqtisadi vəziyyətin bunun üçün nə vaxt əlverişli olacağı məlum deyil. Bu yalnız AMB-nin müstəsna hüququ deyil, bu, Nazirlər Kabineti yanında Pul İslahatları Komitəsinin qərarı ilə edilir. Dövriyyəyə böyük nominallı banknotların buraxılması və bu halda bir manat nominallı sikkələrin buraxılması da istisna edilmir. Lakin hazırda bu istiqamətdə hər hansı konkret addımlar atılmır".

Onun sözlərinə görə, AMB bu prosesə texniki cəhətdən hazır olmalıdır:

"Ən yaxşı banknotlara malik İsveçrənin Mərkəzi Bankı əsginazların dizaynını 8-10 ildən bir dəyişir. Müasir mərkəzi banklarda bu proses müntəzəm olaraq aparılır. Biz manatın regionda yalnız ən stabil valyuta olmasına deyil, həm də təhlükəsizlik baxımından ən etibarlı olmasına cəhd edirik".

AMB sədrinin sözlərinə görə, kiçik nominallı sikkələrin dövriyyədən çıxarılmasına ehtiyac yoxdur: "Mərkəzi Bank müntəzəm olaraq ticarət obyektlərində monitorinqlər keçirir. Bu monitorinqlər kiçik nominallı sikkələrə tələbatın olduğunu göstərir. Manat güclənir, inflyasiya aşağı səviyyədədir, ona görə də buna ehtiyac yoxdur. Biz onların sifariş edilməsini və ölkəyə gətirilməsini davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti