...

Şəkidə sahibkarlara 650 min manata yaxın güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 17:11 (UTC +04:00)
Bu gün Şəki rayonunun Aşağı Laysqı kəndində keçirilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat dövlətin güzəştli krediti verilib.
Şəkidə sahibkarlara 650 min manata yaxın güzəştli kredit verilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Əliyev/

Bu gün Şəki rayonunun Aşağı Laysqı kəndində keçirilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat dövlətin güzəştli krediti verilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində SKMF-nin vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3527 investisiya layihəsinin maliyyələşdirilməsinə 245,2 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 10 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1444 investisiya layihəsinin maliyyələşdirilməsinə 88,3 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 8300-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir.

Ş.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və yeni internet səhifəsi barədə məlumat verib. Bildirilib ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı Fondun rəsmi internet səhifəsinə - www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Şəki rayonunun Daşüz kəndində ildə 52,5 min ton kərpic və 17,5 min ton keramik istehsal etmək gücünə malik olan zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti