...

Azərbaycanla Macarıstan arasında sığorta-pensiya sisteminin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 17:09 (UTC +04:00)
Macarıstanın Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin baş direktoru Yozef Mezaroşun Azərbaycana səfəri (22-26 oktyabr) başlayıb.
Azərbaycanla Macarıstan arasında sığorta-pensiya sisteminin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Macarıstanın Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin baş direktoru Yozef Mezaroşun Azərbaycana səfəri başlayıb. Səfər oktyabrım 26-dək davam edəcək.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Trend-ə verilən məlumata görə, Y.Mezaroş və Fondun rəhbərliyi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb. Eyni zamanda, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoyulub.

Daha sonra DSMF-də Y.Mezaroşla görüş keşirilib. Görüşdə DSMF sədri Səlim Müslümov qonağa Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Sığorta-pensiya sistemində həyata keçirilən islahat tədbirlərini nəzərə çatdıran DSMF sədri vurğulayıb ki, Azərbaycanda pensiya təminatının beynəlxalq standartlara tam cavab verən vahid sistemi formalaşdırılıb. İslahatlar nəticəsində ödənilən sosial sığorta haqlarının fərdi uçotu sistemi yaradılıb, müasir avtomatlaşdırılmış infrastruktur qurulub, Fondun serverlərində unikal elektron məlumat bazaları yaradılıb. Bu ilin iyul ayından etibarən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb və bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir.

Öz növbəsində, ölkəsinin sığorta-pensiya sistemi barədə danışan Y.Mezaroş Azərbaycanla bu sahədə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Baş direktor Azərbaycanın sığorta-pensiya sistemindəki islahatları yüksək qiymətləndirib və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini önə çəkib.

Müzakirələr zamanı Macarıstanının sığorta-pensiya sistemi çərçivəsində real yığım komponentinin tətbiqi və ləğvi, özəl pensiya fondlarının fəaliyyətinin təşkili sahəsində təcrübəsi nəzərdən keçirilib. Qeyd olunub ki, Macarıstanda 1998-ci ildə yığım komponentinin tətbiqinə başlanılsa da, 2011-ci ildə bu komponent ləğv edilib. Son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemdən tam və ya qismən imtina olunması meyilləri Azərbaycanda dövlətin bu sahəyə konservativ yanaşmasının düzgünlüyünü bir daha təsdiqləyir.

Görüşdə, həmçinin DSMF ilə Macarıstanın Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda, Azərbaycan və Macarıstan arasında sosial sığorta və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması istiqamətləri üzrə ətraflı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti