Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir S.Ağayeva/
Polşanın nəqliyyat naziri Slavomir Novak bu həftə Azərbaycanda iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığının inkişafı perspektivlərini müzakirə edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Noyabrın 14-də Polşanın nəqliyyat naziri Azərbaycanın Nəqliyyat Nazirliyində danışıqlar aparacaq. Danışıqlar başa çatdıqdan sonra tərəflər nəqliyyat infrastrukturları sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayacaqlar.
Səfirlikdən deyildiyi kimi, nazirin səfəri çərçivəsində Polşanın nəqliyyat şirkətlərinin nümayəndələrindən ibarət heyət Bakı Metropoliteni, "Azərbaycan Dəmir Yolları" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi ilə görüşlər keçirəcək.