Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.Əliyev/
2014-cü ildə Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatların elektron formada aparılması mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov deyib.
R.Cəlilov bildirib: "Bu vahid rəqəmli informasiya-kadastr bazasının yaradılması və genişləndirilməsi üzrə işlərin tamamlanmasından sonra ola bilər".
Onun sözlərinə görə, bu prosesin təkmilləşdirilməsinin birinci mərhələsi artıq gələn ilin yanvarında tətbiq edilməyə başlayacaq: "Vətəndaşlar notarius orqanlarına müraciət edə bilərlər. Notarius real vaxt rejimində bizim məlumat elektron bazamıza müraciət edə və alqı-satqı əməliyyatını apara bilər".
R.Cəlilov qeyd edib ki, bundan başqa, 2014-cü ilin birinci rübündə daha bir yenilik tətbiq ediləcək. Belə ki, təkrar mənzillə bağlı çıxarış əldə etmək istəyən vətəndaşlar da bunu notariuslarda edə bilərlər: "Vətəndaş notarius orqanına müraciət edərək həm müraciəti rəsmiləşdirə, həm də lazımi rüsumu ödəyə bilər. Beləliklə, notarial orqanlar sənədləri elektron şəkildə dövlət komitəsinin ərazi idarəsinə göndərəcəklər. Gələcəkdə vətəndaşa hazırlanmış arayışı götürməkdən ötrü yalnız bir dəfə öz ərazi idarəsinə getmək lazım gələcək".
R.Cəlilov əlavə edib ki, gələcəkdə daşınmaz əmlakın ilkin qeydiyyatının da elektron formada aparılması mümkün olacaq.