Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Əliyev/
Dekabrın 2-dən etibarən Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat dəyərində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının VII emissiyasının III tranşının yerləşdirilməsi başlayacaq. Trend-in xəbərinə görə, bu barədə BFB-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, hər bir istiqrazın nominal dəyəri 1000 manatdır. İllik faiz dərəcəsi 3 faiz olan istiqrazlar satışa 100,4083 faiz qiymətlə çıxarılacaq.
İstiqrazların tədavül müddəti 10 ildir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
Fondun istiqrazlarını əldə etmək istəyən şəxslər broker fəaliyyəti aparmaq üçün BFB-nin lisenziyası olan üzv təşkilatlara müraciət edə bilərlər.