Azərbaycan, Bakı, 27yanvar /Trend, müxbir E.Əliyev/
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) "Avro-4" ekoloji standartının tətbiqinə hazırdır. Trend-in məlumatına görə, bu barədə Komitənin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov ölkədə avtomobil idxalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşü zamanı bildirib.
İ.Hüseynov qeyd edib: "Məlum olduğu kimi, aprelin 1-dən Azərbaycanda Avro-4 standartının tətbiqinə başlanacaq. Bu standarta keçid ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi üzrə dövlət siyasətinin ən vacib elementlərindən biridir. Dövlət Komitəsi idxal olunan avtomobillər üzərində gücləndirilmiş nəzarət rejiminə keçəcək. Artıq bütün hazırlıq tədbirləri görülüb, lazımi avadanlıqlar quraşdırılıb".
DGK yanında Mərkəzi Ekspertiza İdarəsinin şöbə müdiri Mehriban Əlizadənin sözlərinə görə, idarənin strukturunda xüsusi sertifikatlaşdırma orqanı yaradılıb və bu orqan idxal olunan avtomobillərə yeni ekoloji standarta uyğunluq sertifikatının verilməsi ilə məşğul olacaq: "Biz bu işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlər Komitəsi ilə birgə aparırıq. Gömrük Komitəsinin sertifikatlaşdırma orqanı müvafiq qeydiyyatdan keçib və onun ştatında 11 mütəxəssis var".
Onun sözlərinə görə, eləcə də həmin sertifikatların verilməsi ilə bağlı prosedurlar optimallaşdırılıb: "Əgər əvvəllər onların verilməsi üzrə bütün ərizə və əlavə sənədlər əllə doldurulurdusa, aparılan optimallaşma zamanı elektron sənəd dövriyyəsi tətbiq edilib ki, nəticədə sertifikatın verilmə müddəti 10 dəqiqəyədək azaldılıb. Müqayisə üçün: Rusiya və digər MDB ölkələrində bu göstərici bir gündən 20 günədək davam edir".