...

Sərhədyanı və cəbhə bölgəsindəki yaşayış məntəqələrinin içməli su problemi həll edilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 15:49 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən ucqar kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələrin icrasını davam etdirir. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu sahədə həyata keçirilən tədbirlər sırasında sərhədyanı və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su probleminin həll edilməsi mühüm əhəmiyyət kəsb edir.
Sərhədyanı və cəbhə bölgəsindəki yaşayış məntəqələrinin içməli su problemi həll edilir (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən ucqar kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələrin icrasını davam etdirir. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu sahədə həyata keçirilən tədbirlər sırasında sərhədyanı və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su probleminin həll edilməsi mühüm əhəmiyyət kəsb edir.

"Azərsu" ASC-nin yaranmasının 10 illik yubileyi ərəfəsində cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndinin içməli su probleminin həlli məqsədilə həyata keçirilən layihənin icrası uğurla başa çatdırılıb. İyun ayının 12-də Əlibəyli kəndinə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə sərhədyanı ucqar kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: "Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq daha bir kənddə - Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndində su təchizatı infrastrukturu yaradılıb. Cəbhə xəttində yerləşən bu kəndin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi. Bunları nəzərə alaraq təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq Əlibəylidə işlərə başladıq. Daim Ermənistan ordusunun atəşi altında olan kənddə tikinti quraşdırma işlərində çalışanların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq humanitar təşkilatların nümayəndələri əraziyə dəvət edilib və onların köməyi nəticəsində işlər 2 ay ərzində problemsiz başa çatdırılıb".

Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edərək, "Azərsu" ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirib: "Cəbhə xəttində yerləşən Əlibəyli kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi. Bu problemin həlli ilə bağlı "Azərsu" ASC-nin rəhbərliyinə ünvanladığımız müraciətə dərhal reaksiya verildi və qısa müddətdə kənd əhalisinin içməli su problemi həllini tapdı".

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər rayonda həyata keçirilən sosial və infrastruktur layihələri barədə məlumat verib, içməli su və kanalizasiya layihələrinin əhəmiyyətindən danışıb: "Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri bütün ölkə ərazisində, o cümlədən Tovuz şəhərində həyata keçirilir. Ötən il cənab Prezident İlham Əliyevin iştirakı ilə Tovuz şəhərinə içməli suyun verilməsi mərasimi keçirildi. Bu gün isə strateji nöqtədə yerləşən Əlibəyli kəndinin içməli su problemi həll edilir. Sakinlər adından dövlət başçısına və "Azərsu" ASC-nin kollektivinə təşəkkürümü bildirirəm".

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, "Azərsu" ASC-nin kollektivinə, millət vəkili Q.Paşayevaya minnətdarlıqlarını bildiriblər.

"Tovuz rayonunun Əlibəyli, Hacıalılı və Mülkülü kəndlərinin içməli su təchizatı sisteminin yaradılması" layihəsi bu kəndlərdə yaşayan 5460 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. İlkin mərhələdə işlərə Əlibəyli kəndində başlanılıb.

Əlibəyli kəndini içməli su ilə təmin etmək məqsədi ilə 1 ədəd subartezian quyusu qazılıb, quyu zonasında nasos stansiyası, transformator məntəqəsi tikilib. Layihəyə uyğun olaraq hər birinin tutumu 100 kubmetr olan 2 ədəd su anbarı inşa edilib, 100 mm diametrli polad borularla 1,7 km uzunluğunda anbarlararası su xətti çəkilib.

Kənd ərazisinə içməli su relyef baxımından daha yüksək ərazidə yerləşən anbardan özüaxımlı rejimdə verilir. Bu məqsədlə su anbarından 2 km uzunluğunda magistral su xətti çəkilib. Əlibəyli kəndinin məhəllələrində 20 ədəd bulaq quraşdırılıb və bununla da 1000-dək sakinin içməli sudan istifadəsi yaxşılaşıb.

Layihəyə uyğun olaraq növbəti mərhələdə Hacıalılı və Mülkülü kəndlərində də su təchizatı sistemləri yaradılacaq. Bu məqsədlə yeni subartezian quyularının qazılması, su anbarlarının və nasos stansiyalarının tikilməsi nəzərdə tutulur. Gələcəkdə Əlibəyli, Hacıalılı və Mülkülü kəndlərinin hər birində supaylayıcı şəbəkə yaradılacaq, 1220 evin hər birinə birləşmə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti