...

Azərbaycanda öz fəaliyyətini bərpa etmiş bank kapitalını artırmağa başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2014 17:03 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kövsər Bank" ASC-nin ümumi məbləği 38 milyon manat olan səhmlərinin emissiyasını qeydiyyata alıb.
Azərbaycanda öz fəaliyyətini bərpa etmiş bank kapitalını artırmağa başlayır

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlahə Məmmədli/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kövsər Bank" ASC-nin ümumi məbləği 38 milyon manat olan səhmlərinin emissiyasını qeydiyyata alıb.

Trend Komitənin rəsmi saytına istinadən məlumat verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 190 min ədəd adi, sənədsiz, adlı səhm buraxılıb. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə bankın kapitalını Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi kapitala olan minimal tələblərinə uyğun olaraq 50 milyon manata çatdırmağa imkan verəcək.

Mərkəzi Bank "Kövsər Bank"ın lisenziyasını bu il aprelin əvvəlində bərpa edib.

Bankın lisenziyası 2010-cu ilin sonunda AMB-nin ümumi kapitala minimum tələblərinin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçirilməməsinə görə ləğv edilmişdi.

2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsər Bank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarmışdı.

"Kövsər Bank" ASC 1989-cu ildə "Universal Bank" kimi yaradılıb. "Kövsər Bank" islam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərir və faizlə kredit vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti