...

Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin sayı 5-ə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2014 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılması davam edir.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunub, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilib, ayrı-ayrı ünvanlarda sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilib, onların ümumi yığıncaqlarının keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilib, sahəyə dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanıb.

Görülmüş işlərin nəticəsidir ki, artıq Bakı şəhərinin Binəqədi rayonu, Naxçıvani küç., 4b ünvanında yerləşən 9 mərtəbəli, 4 bloklu, 80 mənzilli binada rayon üzrə növbəti - üçüncü mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılaraq qeydiyyat orqanında "Binəqədi-3" MMMC adı ilə dövlət qeydiyyatından keçib. Bununla da respublikada dövlət qeydiyyatına alınan MMMC-lərin sayı artıq 5-ə çatıb.

Bununla yanaşı, hazırda Bakı şəhərinin bir neçə rayonu üzrə iyirmidən artıq çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti