Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/
Azərbaycan bankları 2014-cü ilin yanvar-iyul aylarında istehlak kreditləşməsinin həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz artırıblar. Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən məlumat verir.
Bankların kredit qoyuluşlarının ümumi həcmində istehlak kreditləşməsinin payı 41 faiz, yaxud 6986,1 milyon manat təşkil edib. Müqayisə üçün: ötən ilin yanvar-iyul aylarında onların payı 38,2 faiz, verilmiş kreditlərin məbləği isə 5427,4 milyon manat olub.
Tənzimləyici tərəfindən məhdudiyyət tətbiq edilməsindən sonra istehlak kreditlərinin verilməsi azalıb. Əgər 2013-cü ilin yeddi ayı ərzində 1110,7 milyon manat həcmində yeni kredit verilmişdisə, bu ilin yanvar-iyul ayında bu göstərici 771,4 milyon manat olub.
2013-cü ilin sonunda Mərkəzi Bank ölkə banklarından istehlak kreditlərinin verilməsi üzərində nəzarəti sərtləşdirməyi tələb edib. Tənzimləyici ölkədə fəaliyyət göstərən banklara borcalanın iş yerindən arayış təqdim etmədən kreditlərin verilməsini dayandırmağa dair təlimat göndərib. Bundan başqa, avtomobil alınmasına kreditlərin verilməsi şərtləri sərtləşdirilib ki, ekspertlərin fikrincə, bu, kredit vermənin bu növü üzrə bank sektorunun portfelinin keyfiyyətinin pisləşməsi ilə bağlıdır.