...

Gənclərin Sahibkarlıq Proqramı Həştərxanda keçirilən beynəlxalq forumda təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2014 17:29 (UTC +04:00)
Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş Gənclərin Beynəlxalq Təhsil Forumu – “SeliAs-2014” çərçivəsində Azərbaycanın “Youth Inc” Gənclərin Sahibkarlıq Proqramının təqdimatı keçirilib.
Gənclərin Sahibkarlıq Proqramı Həştərxanda keçirilən beynəlxalq forumda təqdim olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş Gənclərin Beynəlxalq Təhsil Forumu - "SeliAs-2014" çərçivəsində Azərbaycanın "Youth Inc" Gənclərin Sahibkarlıq Proqramının təqdimatı keçirilib. Təqdimatı proqramın nümayəndəsi Tural Həsənov keçirib.

"Youth Inc" - "Coca-Cola" şirkəti, Azərbaycan Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debatlar" İctimai Birlik tərəfindən dəstəklənən gənclərin uzunmüddətli proqramdır. Proqram Azərbaycanın iri şəhərlərindən olan gənclərin biznes haqqında biliklərini artırmağa yönəldilib və gənc sahibkarlara yeni alətlər və dəstək verməkdən ibarətdir. "Youth Inc" - bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstəyin yeni istiqamətidir. Proqramın birinci mərhələsi 2013-cü ilin yanvar-avqust aylarını əhatə edib. Ötən il ərzində proqram çərçivəsində təşkil olunmuş təlimlərdə 2 062 gənc iştirak edib, 4 "Youth Inc" mərkəzi yaradılıb (Bakı, Gəncə, Sumqayıt və Şəki), həmçinin, 8 müxtəlif biznes layihəsi hazırlanıb. Bu il proqram dövlət dəstəyi alıb və Azərbaycan Gənclər və İdman Nazirliyi onun tərəfdaşı olub.

Tədbirdə Rusiya, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və İrandan olan 200-dən artıq gənc iştirak edib.

Forumda iştirakçıların sonradan qrup şəklində bölündüyü biznes, media, yaradıcılıq və ekologiya istiqamətləri təqdim olunub. Sözügedən tədbirdə Gənclərin Sahibkarlıq Proqramının ("Youth Inc") nümayəndəsi Tural Həsənov Azərbaycanı "Biznes" istiqaməti üzrə təmsil edib. Onun təqdimatı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Forum çərçivəsində layihələrini "sıfırdan" başlayan iş adamları, Rusiya biznes-inkubatorlarının nəzarətçiləri, iri biznes nümayəndələri, həmçinin, digər mütəxəssislər biznesin yaradılması, inkişafı və dəstəklənməsi üzrə təlimlər keçiriblər. Treninqlərdə, həmçinin, startap-layihələri maliyyələşdirməyə və ya kredit ayırmağa hazır olan investisiya institutları, bankları və digər qurumların nümayəndələri iştirak edib.

Bundan başqa, Azərbaycanın Həştərxan Diasporasının nümayəndələri, eyni zamanda, Həştərxan vilayətində Rusiyanın Azərbaycan Gənclər Təşkilatının sədri Elvin Hüseynov da foruma qatılıblar.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. dollar olan brendlər daxildir: "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "Powerade", "Minute Maid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,8 mlrd. içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz:

www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti