Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrini Binəqədi şosesi ilə birləşdirən 4-cü Qapı küçəsində işlər davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uzunluğu 7 km, mövcud eni 9 m olan küçə 13 m-ə qədər genişləndirilir. Vaxtilə yol örtüyünün dağılmasına səbəb olan sağ və sol hissələrdə yerləşən çirkab su kanalları təmizlənir, dəmir-beton təhnələr və kanalizasiya boruları qoyulmaqla yolun profilindən kənarlaşdırılır.
Paralel olaraq neftlə çirklənmiş torpaq yatağı çıxarılır, 1,5-2 m dərinliyində yenidən inert materialları ilə doldurularaq kipləşdirilir. Bundan əlavə, asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması, səki daşlarının qoyulması və yeni kommunikasiya xətlərinin çəkilməsi işləri gedir.