...

Azərbaycan məhsullarını Gürcüstana fasiləsiz tədarük etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2014 16:19 (UTC +04:00)
Azərbaycan öz məhsullarının fasiləsiz tədarükünü təşkil etmək üçün Gürcüstanda logistik mərkəzlərin yaradılmasında maraqlıdır.
Azərbaycan məhsullarını Gürcüstana fasiləsiz tədarük etmək istəyir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycan öz məhsullarının fasiləsiz tədarükünü təşkil etmək üçün Gürcüstanda logistik mərkəzlərin yaradılmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

Biznes forumda iştirak etmək üçün Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri David Baladzenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

R.Məmmədovun sözlərinə görə, son zamanlar Azərbaycan və Gürcüstanda qarşılıqlı ticarət və iqtisadi əlaqələrin qurulması üçün böyük həcmdə iş görülüb: "Ticarət əlaqələrimiz uğurla inkişaf edir və bu il əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Ölkələr arasında əmtəə dövriyyəsinin strukturu çoxşaxəlidir. Biz Gürcüstana malların geniş spektrini tədarük edirik. Gürcüstan da Azərbaycan bazarına geniş çeşidli mallar çıxarır".

AZPROMO rəhbəri qeyd edib ki, Azərbaycanda Gürcüstan kapitalı ilə 194 şirkət qeydiyyatdan keçib: "Onlar əsasən xidmət, nəqliyyat, kənd təsərrüfatı və energetika sahələrində fəaliyyət göstərirlər. Gürcüstanda isə 300-dən artıq Azərbaycan şirkəti işləyir. Son üç ildə Gürcüstana birbaşa investisiyaların həcmi 400 milyon dolları ötüb ki, bu da 7700-dən artıq yeni iş yerinin açılmasını təmin edib".

R.Məmmədov əlavə edib ki, Azərbaycan şirkətləri Gürcüstanla əməkdaşlığın və bu ölkədə iştirakın genişləndirilməsində maraqlıdır: "Bu məqsədlə Azərbaycan nümayəndə heyəti konkret layihələri müzakirə etmək üçün Batumiyə səfər etməyi planlaşdırır".

Onun sözlərinə görə, Azərbaycan, həmçinin kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılmasında, müştərək turizm marşrutlarının təşkilində, turizm sahəsində təcrübə mübadiləsində, Gürcüstana tikinti materialları və mebel ixracında, sənaye yönümlü birgə müəssisələrin yaradılmasında, avadanlıq və kimya məhsullarının tədarükündə, müxtəlif sahələrdə İT həllərin tətbiqində və s. məsələlərdə maraqlıdır.

R.Məmmədov vurğulayıb ki, Azərbaycanda biznesin aparılması üçün əlverişli şərait yaradılıb: "Ölkə iqtisadiyyatının 80 faizdən çoxu özəl sektor hesabına formalaşdırılır. 1995-2014-cü illərdə Azərbaycan ölkə iqtisadiyyatına təqribən 190 milyard dollar vəsait cəlb edə bilib və bu məbləğin 60 faizdən çoxu qeyru-neft sektorunun inkişafına ayrılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti