Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
İran və Azərbaycan mədənlər, polad və avtomobil sənayesi sahəsində əməkdaşlığı genişləndirəcəklər. Bunu Trend-ə eksklüziv açıqlamasında hazırda Bakıda səfərdə olan İranın mədənlər, ticarət və sənaye nazirinin müavini Cəfər Sərqini deyib.
C.Sərqini noyabrın 18-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə görüşdüyünü bildirib: "Görüşlərdə razılaşdıq ki, iki ölkə əməkdaşlıq prespektivlərini araşdırsın və İranın mədənlər, ticarət və sənaye naziri Məhəmmədrza Nemətzadənin noyabrın 26-da Bakıya səfəri zamanı müzakirələr aparılsın".
Onun sözlərinə görə, fövqəladə hallar və mədənlərin təhlükəsizliyinin təmini sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial var: "Fövqəladə Hallar Nazirliyində müzakirələrimiz zamanı razılaşdıq ki, mədənlərin təhlükəsizliyinin təmini sahəsində iki ölkə bir-biri ilə təcrübə mübadiləsi aparsın".
Nazir müavini qeyd edib ki, İran və Azərbaycan sənaye və mədənlər sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: "Mədənlər, ticarət və sənaye naziri Məhəmmədrza Nemətzadənin Azərbaycana səfəri zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı məqsədi ilə anlaşma memorandumunun imzalanacağı gözlənilir".
C.Sərqini Azərbaycan investorlarını İranın mədənlər sahəsinə sərmayə yatırmağa dəvət edib: "Xarici investorların, xüsusilə azərbaycanlı qardaşlarımızın ölkəmizdə mədənlər sahəsinə investisiya yatırmasında heç bir məhdudiyyət yoxdur".
O deyib ki, İran, həmçinin Azərbaycanla həm qarşılıqlı, həm də üçüncü ölkələrə müştərək sərmayə yatırmaqda maraqlıdır.