...

Vergiödəyicilərin 99,4%-də qanunvericiliyin pozulması halları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2015 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Azərbaycanda 2014-cü il ərzində səyyar vergi yoxlamaları aparılmış vergiödəyicilərin 99,4%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib, bu dövr ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905 milyon 423,6 min manat əlavə vəsait hesablanıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu məbləğin 62%-ni əlavə hesablanmış vergi məbləği, 38%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib.

Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 215 milyon 774,5 min manat və ya 31,3% artıb.

2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3% çoxdur.

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6%, əlavə dəyər vergisi 29,1%, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8%, sadələşdirilmiş vergi 1,6%, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1%, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4%, digər vergilər isə 5,5% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti