Azərbaycan, Bakı, 3 mart /Trend/
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda verilmiş tapşırıqlarla əlaqədar martın 3-də Şəkidə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxışında qeyd edib ki, 2004-cü ildәn uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlәt proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur tәminatının, kommunal xidmәtlәrin keyfiyyәtinin daha da yüksәlmәsinә, biznes vә investisiya mühitinin, әhalinin rifahının yaxşılaşmasına sәbәb olur, bununla da ölkәnin strateji inkişaf hәdәflәrinә, müәyyәn edilmiş mәqsәdlәrә nail olunmasına әhәmiyyәtli töhfәsini verir. Ötәn il dә "Azәrbaycan Respublikası regionlarının 2014-2018-ci illәrdә sosial-iqtisadi inkişafı Dövlәt Proqramı" çәrçivәsindә görülәn işlәr, hәyata keçirilәn layihәlәr, әldә edilәn uğurlu nәticәlәrlә zәngin olub.
S.Məmmədov bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev proqramın tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, "yaşıl market"lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. tapşırıqlar verilib.
Nazir müavini dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlandığını və icrasına başlandığını vurğulayıb və bu tədbirlər barədə iştirakçılara məlumat verib.
Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb. Bildirilib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Şəkidə də quruculuq-abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması aqrar sahənin inkişafına mühüm töhfə verəcək. İ.Quliyev "Kənd təsərrüfatı ili" çərçivəsində görüləcək işlər barədə də məlumat verib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər, nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov isə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlara göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verib.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin şöbə müdiri Azər Rzaxanov regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat veriblər.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov Fondun fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.