Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Azad Həsənli/
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 101,7 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Trend-ə verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur. 2 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 24 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 23,6 manat ödəniş edilib. Bu göstərici 2014-cü ilin yanvar-fevral aylarında 20,8 manat olub.
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 19,3%-i və yaxud 19,6 milyon manatı həyat sığortasının payına düşüb. 2014-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 13,9% azalıb.
Həyat sığortasındakı yığımların təxminən 51,4%-i və ya 10,1 milyon manatı həyatın yaşam sığortasının, 28,5%-i və ya 5,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 19,5%-i və ya 3,8 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 111 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
2 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 4,4 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,3%-ni təşkil etməklə 2014-cü ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur.
Həyat sığortası üzrə ödənişlərin təxminən 73%-i və ya 3,2 milyon manatı həyatın yaşam sığortasının, 12,7%-i və ya 556 min manatı həyatın ölüm halından sığortasının, 14,3%-i və ya 629 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 22,4 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 6 manat olub.
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 82,1 milyon manatı və ya 80,7%-i qeyri-həyat sığortasının payına düşüb. 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 19,3% böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların təxminən 35,8%-i və ya 29,4 milyon manatı tibbi sığortanın, 12,4%-i və ya 10,2 milyon manatı avtomobillərin icbari sığortasının, 9,6%-i və ya 7,9 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 8,4%-i və ya 6,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 6,8%-i və ya 5,6 milyon manatı kasko sığortasının, yenə də 6,8%-i və ya 5,6 milyon manatı hava nəqliyyatı vasitələrinin sığortasının, qalan 20,2%-i və ya 16,5 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
2 ay ərzində sığorta ödənişlərinin 81,7%-ni və ya 19,6 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 42,1%-i və ya 8,3 milyon manatı tibbi sığortanın, 24,4%-i və ya 4,8 milyon manatı avtomobillərin icbari sığortasının, 22,3%-i və ya 4,4 milyon manatı kasko sığortasının, qalan 11,2%-i və ya 2,2 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 23,9 manat ödəniş edilib. 2014-cü ilin yanvar-fevral aylarında bu göstərici 25,6 manat olub.