...

Azərbaycan-Sudan əlaqələri 4 sahədə genişləndirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2015 16:34 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Sudan əlaqələri 4 sahədə genişləndirilə bilər

Azərbaycan, Bakı, 18 mart /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərin əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Sudan nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi qeyd edilib. Ş.Mustafayev iqtisadi, humanitar, təhsil və turizm sahələrində əlaqələrin genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu, Cənubi Qafqaz iqtisadiyyatının 75%-nin ölkəmizin payına düşdüyünü, Azərbaycanın bir çox iri infrastruktur və enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini diqqətə çatdıran nazir Sudan parlamentinin Xocalı soyqırımını tanımasına görə bir daha təşəkkür edib.

Sudanın xarici işlər naziri Ə.Ə.Karti ölkəsinin böyük təbii ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, bu resursların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq, eləcə də Sudana investisiya qoyuluşuna dair fikirlərini bölüşüb. Qeyd edilib ki, Sudan neft hasilatı və ixracı sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində, sudanlı gənclərin bu sahədə ölkəmizdə təhsil almasında maraqlıdır. Bundan başqa, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, bu məqsədlə işçi qrupunun yaradılması məsələləri barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti