Azərbaycan, Bakı, 2 aprel, /Trend/
Bu gün Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinatın baş tutması gözlənilir.
Məlumatlı mənbədən Trend-ə bildirilib ki, bu vəzifəyə təyinat məsələsi ABB-nin Səhmdarların Ümumi Yığıncağında elan olunacaq. Toplantının axşama yaxın keçiriləcəyi qeyd olunub.
Bu vəzifəyə ən az üç namizədin nəzərdən keçirildiyi deyilir, lakin ABB İH sədrinin seçilməsi səhmdarlar tərəfindən gerçəkləşəcək. Lakin bir sıra KİV-lər ABB rəhbərliyinə "Pasha Bank"ın sabiq İH sədri Fərid Axundovun təyin olunduğunu, onun yerini isə "Unibank"ın icraçı direktoru Cəlal Qasımovun tutduğunu yazıb.
"Unibank"dan C.Qasımovun vəzifəsini tərk etməsini Trend-ə təsdiqləyiblər. Onun bu qərarının başqa işə getmə səbəbi olduğu deyilsə də, hara və hansı vəzifəyə getməsi barədə məlumat verilməyib. Hazırda onun vəzifəsini Xalid Əhədov icra edir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsi bu il martın 18-də sabiq İH sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar işdən getməsindən sonra boş qalıb. Onun səlahiyyətlərini hazırda birinci müavin Emil Mustafayev icra edir.
C.Hacıyev ABB-yə 2001-ci ilin əvvəlindən rəhbərlik edib.
ABB Müşahidə Şurasının martın 18-də keçirilən iclasında Azərbaycan hökumətini Bankda təmsil edən Malliyyə Nazirliyi bəyan edib ki, ölkənin ən iri bankı olan ABB-ni gələcəkdə də dəstəkləməyə tam hazırdır.
Beynəlxalq Bank 1992-ci ildə yaradılıb. Bankın əsas səhmdarı (50,2 faiz) Azərbaycan hökumətidir, səhmlərin 49,8 faizi isə fiziki və hüquqi şəxslərə məxsusdur.