Azərbaycan, Bakı, 16 aprel /Trend/
Maliyyə naziri Samir Şərifov Vaşinqtonda "G-20" ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edəcək.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-17-də Vaşinqtonda "Böyük iyirmiliyin" (G-20) üzvü olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin növbəti iclası keçiriləcək. Toplantıda Azərbaycanın maliyyə naziri S.Şərifov da iştirak edəcək.
"G-20" ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.
Toplantıya "G-20"yə üzv və dəvətli ölkələrin nazirləri və mərkəzi bank rəhbərləri ilə yanaşı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından yüksək səviyyəli nümayəndələr qatılacaq.
Azərbaycan "G-20"-nin bu ilki ev sahibi kimi Türkiyə tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.
Azərbaycanın maliyyə naziri Vaşınqtonda həmçinin, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ənənəvi yaz görüşlərinə də qatılacaq.