Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Maksim Tsurkov/
2015-ci ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 1356 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7 dəfə azdır. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-cü ilin I rübün yekunları üzrə hesabatında deyilir.
Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 24,85 milyon dollar olan avtomobillər ixrac edilib.
Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 39,1 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 43,1 faiz təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3,2 dəfə (dəyər baxımından), say nisbətində isə 8156 ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin I rübündə Gürcüstandan Azərbaycana 79,86 milyon dollar həcmində 9512 avtomobil ixrac edilib.
Ölkəyə avtomobil idxalının azalması aprel ayının 1-dən Azərbaycanda tətbiqinə cari ilin başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.
2015-cü ilin yanvar-mart aylarında Gürcüstan ixracatının 12,6 faizi Azərbaycanın payına düşüb. Bu dövrdə Gürcüstandan Azərbaycana 63,49 milyon dollar dəyərində məhsul ixrac edilib. Azərbaycana ixracat ötən ilin analoji dövrünə nisbətən 2,3 dəfə azalıb. Müqayisə üçün: ötən ilin ilk 3 ayında Azərbaycana 145,68 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib.