Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Maksimm Tsurkov
Rusiya-Azərbaycan sərhədindəki Samur çayı üzərindən keçən körpünün buraxılış qabiliyyəti hər iki tərəfdə sutkada 37 min avtomobilə çatacaq. Bu barədə Trend Rusiya Nəqliyyat Nazirliyinin Federal Yol Agentliyinə istinadən məlumat verir.
Məlumata görə, Rusiya-Azərbaycan sərhədindəki Samur çayı üzərindən keçən körpünün inşası layihəsinin reallaşdırılması məsələləri üzrə birgə işçi qrupunun iclası keçirilib: "Yeni körpü sərhəd və gömrük baxışı zonasına aid olmayacağına görə körpünün giriş və çıxışında nəqliyyat tıxacının yaranması riski heçə endirilib".
Layihəni "İnstitut "Doraeroproyekt" QSC hazırlayır. Məlumatda bildirilir ki, körpünün tikinti xərclərini Azərbaycan öz üzərinə götürüb: "Rusiya isə gələcəkdə işlərin yerinə yetirilməsinə çəkilən xərclərin 50 faizini kompensasiya edəcək".