Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Sentyabrın 16-da Lüksemburq şəhərində Avropa İnvestisiya Bankı ilə Azərbaycan Beynəlxalq Bankı arasında 50 milyon avro məbləğində kredit müqaviləsi imzalanıb.
Beynəlxalq Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək xarakteri daşıyan vəsait bu sektorda prioritet əhəmiyyətə malik biznes layihələrinin maliyyələşdirilməsinə yönələcək. Bu kredit müqaviləsi Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirəcək. Xüsusilə qeyri-neft sektoruna aid sənaye və xidmət sahələri bu imkandan geniş faydalana biləcəklər. Cəlb edilmiş kredit Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək göstərməklə yanaşı, kiçik və orta biznes sektorunda Azərbaycan Beynəlxalq Bankının mövqeyini daha da gücləndirəcək.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi, ümumdaxili məhsul istehsalında kiçik və orta sahibkarlığın payının artırılması Azərbaycan dövlətinin həyata keçirdiyi strateji inkişaf siyasətinin əsas istiqamətlərindəndir.
Bu baxımdan, Azərbaycan Beynəlxalq Bankının Avropa İnvestisiya Bankı ilə imzaladığı kredit müqaviləsi bu siyasətə töhfə verməklə, yerlərdə biznes layihələrinin uğurla icrasına, yeni iş yerlərinin açılmasına, əhalinin maddi-rifah halının daha da yüksəlməsinə kömək göstərəcək.
Qeyd edək ki, Avropa İnvestisiya Bankının səhmdarları Avropa İttifaqına üzv ölkələrdir. Avropa İnvestisiya Bankı bütün dünyada ən böyük beynəlxalq ümumi kredit qurumu kimi tanınır.