...

Hər baş buzova görə heyvan sahiblərinə 100 manat veriləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2015 17:07 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Neftçala rayonunda Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.
Hər baş buzova görə heyvan sahiblərinə 100 manat veriləcək (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Neftçala rayonunda Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edib. Kənd Təsərrüfatı Nazirliyinin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gələn vətəndaşlar, əsasən, cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, suvarma suyuna olan tələbat, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, süni mayalanma xidmətinin gücləndirilməsi, supsidiyaların vaxtında verilməsi, torpaqlarda meliorativ tədbirlərin aparılması, kənd təsərrüfatı məhsullarının satışı üçün qəbul məntəqələrinin yaradılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Görüşdə H.Əsədov ölkəmizdə nazirlik tərəfindən müasir standartlara cavab verən texnoloji avadanlıqlara malik yeni Süni Mayalanma Mərkəzinin yaradılması barədə məlumat veribvə bu mərkəzin Avropada ən böyük Süni Mayalandırma mərkəzlərindən biri olacağını bildirib. Həmçinin qeyd edib ki, Azərbaycan Prezidentinin "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" 21 avqust 2015-ci il tarixli 1363 nömrəli sərəncamı ilə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya veriləcək. Hazırda süni mayalanma yolu ilə alınmış hər baş buzova görə subsidiyanın verilməsi qaydası hazırlanır. Nazir burada korrupsiya hallarına yol verilməməsi və şəffaflığın tam təmin olunması üçün müvafiq tədbirlərin nəzərdə tutulduğunu bildirib.

Qəbul zamanı H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Nazir sakinlərlə görüş zamanı ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamları ətraflı şərh edib, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti