...

Baden Baden sığorta forumunda "Azərbaycan gecəsi" keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2015 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Almaniyanın Baden Baden şəhərində sığortaçıların ənənəvi illik forumu çərçivəsində oktyabrın 18-da "Azərbaycan gecəsi" keçirilib.

Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən təşkil olunan "Azərbaycan gecəsi"ndə dünyanın 30-a yaxın ölkəsindən 230-a yaxın nümayəndə iştirak edib. Tədbirdə ölkəmizi ASA, İcbari Sığorta Bürosu (İSB) və 14 sığorta şirkətini təmsil edən 25 nəfərlik nümayəndə heyəti təmsil edib.

Gecədə çıxış edən ASA-nın sədri Orxan Bayramov Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.

Bu il "Azərbaycan gecəsi"nə ölkənin 12 sığorta şirkəti sponsorluq edir. Bunlar "Standard İnsurance", "Paşa sığorta", "Atasığorta", "Azsığorta", "Meqa sığorta", "Azərbaycan Sənaye Sığorta", "AXA Mbask", "Qala Həyat Sığorta", "Atəşgah Həyat Sığorta", "AzərSığorta", "İpək Yolu Sığorta" və "AzRe təkrarsığorta" şirkətləridir.

Baden Baden sığorta forumu çərçivəsində Azərbayan gecələrinin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər 2013 və 2014-cü illərdəki forum çərçivəsində də keçirilib. Baden Baden forumunda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulur. Görüşlərdə yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti