...

Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2016 16:56 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:02-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan bankları şöbələrindən və filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrini bağlayırlar.

Trend-in məlumatına görə, belə göstəriş valyutadəyişmə məntəqələrinə bu gün elə bankların rəhbərlikləri tərəfindən daxil olub.

"Zaminbank" ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov Trend-ə bildirib ki, bankın İdarə Heyəti bu gündən ölkə üzrə öz valyutadəyişmə məntəqələrini bağlamaq barədə qərar qəbul edib: "Bu gün valyutadəyişmə məntəqələrimizi bağlamaq barədə qərar qəbul etdik, çünki onların fəaliyyəti rentabelli deyildi. Bizim ölkə üzrə - Bakı, Xırdalan və digər şəhər və bölgələrdə - xeyli sayda valyutadəyişmə məntəqəmiz olub. Lakin onların fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmədik".

N.İsmayılov qeyd edib ki, bankın ümumilikdə ölkə üzrə 48 valyutadəyişmə məntəqəsi olub.

Müşahidə Şurasının sədri, həmçinin əlavə edib ki, bundan sonra valyuta mübadiləsi yalnız bankın ümumi sayı 58 olan (39 filial və 19 şöbə) filial və şöbələrində aparılacaq.

"AGBank" və "TuranBank"ın da valyutadəyişmə məntəqələri bağlanacaq.

"TuranBank"ın Bakı şəhəri, Rəsul Rza küçəsi, 8 ünvanında yerləşən iri valyutadəyişmə məntəqəsinin rəhbəri Trend-ə bildirib ki, bu gün "TuranBank"ın filialının rəhbərliyindən valyutadəyişmə məntəqəsinin bağlanması haqqında göstəriş daxil olub: "Bu gün bankdan zəng edərək dedilər ki, ştampları qaytaraq, lövhəni çıxaraq və valyutadəyişmə məntəqəsini bağlayaq. Bu qərarın səbəbləri barədə mənə məlumat vermədilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti