...

Azər-Türk Bankın filialları qarşısında dollar almaq istəyənlərin sıxlığı aradan qalxıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2016 15:58 (UTC +04:00)

Bakı. Trend:

Əhaliyə dollar satışını fasiləsiz həyata keçirən Azər-Türk Bankın filialları qarşısında bu gün səhər saatlarında yaranmış müştəri sıxlığı artıq aradan qalxıb.

Bankdan Trend-ə verilən məlumata görə, filiallar qarşısında indi böyük növbələr nəzərə çarpmır. Müraciət edən bütün müştərilərin mübadilə əməliyyatı həyata keçirməsi üçün lazımi şərait təmin edilib. Gün ərzində bankın baş ofisində və yerli struktur bölmələrinin hər birində 800-1000 nəfər müştəriyə müvafiq valyuta mübadilə xidməti göstərilir. Onlar sərbəst şəkildə valyuta mübadiləsini həyata keçirirlər. Hər bir müştəri müvafiq qaydaların tələblərinə uyğun, satılan valyutanın məbləğindən asılı olaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə gün ərzində 500 dollara qədər xarici valyuta ala bilər.

Mübadilə əməliyyatları Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnənin üzərinə bankın müvafiq marjası əlavə olunmaqla həyata keçirilir. Belə ki, 14.01.2016-cı il tarixə bankda satış məzənnəsi 1 ABŞ dolları üçün 1.6320 AZN, alış məzənnəsi isə 1.60 AZN həddində müəyyənləşdirilib. Bu günə qədər bankda müvafiq valyuta mübadilə əməliyyatları, eləcə də bankda xidmət göstərilən fiziki və hüquqi şəxslər üçün xarici valyutada əməliyyatlar (mübadilə, konvertasiya, xaricə köçürmə) heç bir fasilə və məhdudiyyət tətbiq olunmadan həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti