...

Nəsimi rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2016 12:02 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi martın 5-də Bakının Nəsimi rayonunda yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın sakinləri üçün "Kütləvi çıxarış" kampaniyası keçirib.
Nəsimi rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi martın 5-də Bakının Nəsimi rayonunda yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın sakinləri üçün "Kütləvi çıxarış" kampaniyası keçirib.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Bildirilir ki, mülkiyyət hüquqlarının səmərəli və çevik təmin olunmasında mühüm rolu olan kampaniya zamanı 50-yə yaxın vətəndaş mənzillərinə dair mülkiyyət sənədi əldə edib. Mənzil sakinlərinə hazır çıxarışlar birbaşa binanın həyətində komitənin mobil ofislərində sadə, rahat və sürətli qaydada təqdim olunub.

Qeydiyyat xidmətlərini həm ucqarlarda, həm də paytaxtda hər bir əmlak sahibinə əlçatan edən kampaniya çərçivəsində hazır çıxarışlar verilməklə yanaşı, mülkiyyətə dair ilkin sənədlər də qəbul edilib.

Son aylarda kampaniyanın daha da intensivləşməsində məqsəd vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq onların mülkiyyət hüquqlarını daha cəld və maksimum rahat şərtlərlə təmin etməkdir.

Eyni zamanda, kütləvi şəkildə mənzillər üçün çıxarışların verilməsi paytaxtda daşınmaz əmlaka dair alqı-satqı proseslərini daha da genişləndirir. Daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasını aktivləşdirir, mənzil bazarının daha da canlanmasına səbəb olur.

Təkcə paytaxtda 5 aya yaxındır ki, davam edən kampaniya qısa müddətdə əksər mənzil sahiblərinin diqqətini özünə cəlb edib və kampaniyadan faydalanmaq istəyən vətəndaş müraciətlərinin sayı çoxalıb. İndiyədək Bakı şəhərinin Səbail, Sabunçu, Xətai, Nizami rayonlarında və paralel olaraq regionlarda keçirilən belə kampaniyalarda 6800-ə yaxın vətəndaş kampaniyadan faydalana bilib.

"Kütləvi çıxarış" kampaniyasının əsas cəhəti bütün qeydiyyat xidmətlərinin "bir pəncərə" prinsipi əsasında göstərilməsidir.

Bununla da, "Kütləvi çıxarış" kampaniyası əhaliyə əmlakın qeydiyyatını rahat və çevik şəkildə həyata keçirməyə imkan verir.

Xatırladaq ki, kampaniya zamanı çıxarışlar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna əsasən, həmçinin yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə təqdim olunur.

Kampaniyanın digər üstünlüyü keçirildiyi şəhər və rayonlarda, kənd və qəsəbələrdə vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasıdır. Bu zaman sakinlərə daşınmaz əmlakın qeydiyyatının üstünlükləri çatdırılır ki, vətəndaş çıxarışı olan əmlakın hüquqi-iqtisadi faydasını öyrənmiş olur.

Bundan əlavə, qeydiyyat prosedurları, zəruri sənədlər və digər hüquqi məsələlər barədə suallar cavablandırılır, qaranlıq qalan məsələlər izah olunur.

Qeyd edək ki, kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vuraraq xidmətdən yararlanmaq barədə istəyini bildirir (148 daxili 1 sonra 5). Bundan sonra kampaniyanın keçiriləcəyi qrafikə (aylıq qrafik komitənin saytında yerləşdirilir) uyğun olaraq həmin vətəndaşa keçiriləcək gün və zəruri ilkin sənədlər barədə məlumat verilir.

Təyin olunmuş ünvanda əvvəlcə vətəndaşların ərizələri qəbul olunur və məlumat bazası üzrə uyğunluğu yoxlanılır. Bundan sonra qəbul edilmiş sənədlər elektron sistemə salınaraq təsdiq üçün göndərilir. Burada daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanır, kağız və elektron variantlarda arxiv yaradılır.

Bütün proseslər tamamlandıqdan sonra hazır çıxarışlar vətəndaşların ünvanına çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti