Bakı. Trend:
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müasir, beynəlxalq standartlara cavab verən və çevik bir şirkətə çevrilməsi üçün qarşıya qoyulan vəzifələr donanmanın yeniləşdirilməsi prosesini, eləcə də Qara dəniz - Aralıq dənizi hövzəsində istismar edilən gəmilərimizin sayının artırılmasını qaçılmaz edir. Gəmiçiliyin rəhbərliyi bu istiqamətdə mütəmadi tədbirlər görür.
Xəzər Dəniz Gəmiçiliyindən Trend-ə verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq, beynəlxalq sularda işləmək üçün 6 ədəd quru yük gəmisinin alınması barədə qərar qəbul edilib. Onlardan 3-nün aprelin 11-də, digər 3 gəminin isə ayın sonuna qədər Gəmiçiliyə təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, 5500 ton dedveytə malik bu gəmilər Rusiyada inşa edilib, 2014-cü ildə alınan və indi Qara dənizdə istismar olunan "Natəvan" və "Üzeyir Hacıbəyli" gəmiləri ilə eyni layihədəndir.
Hazırda yeni alınan gəmilərin heyətləri formalaşdırılır. Azərbaycan dənizçiləri müstəqil dövlətimizi xarici sularda layiqincə təmsil etmək əzmindədirlər.