...

"Sənayenin inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2016 14:54 (UTC +04:00)
Aprelin 12-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.
"Sənayenin inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 12-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Sənayenin inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə maşınqayırma, metallurgiya, tikinti, elektrik avadanlıqları və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın müəssisənin nümayəndəsi iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər barədə məlumat verib, qeyri-neft sektorunun inkişafında yeni mexanizmlərin tətbiqinin - sənaye zonalarının, parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. Sahibkarlığın dəstəklənməsi istiqamətində son illərdə aparılan islahatlar barədə ətraflı məlumat verilib, sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırıldığı, lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin, rüsumların azaldıldığı, lisenziya prosedurlarının sadələşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, yerli istehsalın dəstəklənməsi ilə əlaqədar qanununvericiliyə müvafiq dəyişikliklər edilib, kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə və digər dəstəyin verilməsi mexanizminin yaradılması məqsədilə "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında", iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi üçün "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" normativ aktlar qəbul edilib. "Dövlət satınalmaları haqqında" qanuna edilmiş bir sıra dəyişikliklər nəticəsində tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə tətbiq edilən güzəştin həcmi 15%-dən 20%-ə artırılıb.

SOCAR-ın vitse-prezidenti David Məmmədov şirkətdə aparılan yenidənqurma və modernizasiya işləri, yerli istehsalın inkişafı sahəsində görülən tədbirlər barədə məlumat verib.

Tədbirdə, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Hüseyin Paşayev və "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin icraçı direktoru Nazim Talıbov təqdimatla çıxış edib, Azərbaycanda sənaye parkları və sənaye məhəllərinin fəaliyyəti, üstünlükləri və rezidentlərə tətbiq olunan güzəştlər barədə iştirakçılara ətraflı məlumat veriblər.

Neft-qaz emalı və neft-kimya kompleksinin direktor müavini Emil Alxaslı Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası haqqında, "Azərkimya" İstehsalat Birliyinin icraçı direktorunun müavini Sərvər Ağayev isə qurumda EP-300 qurğusunun yenidənqurma və modernizasiyası haqqında danışıb.

Sonra "Samsung" və "Technimont" şirkətlərinin nümayəndələri Noh Eichul və Nikola Heilper "SOCAR Karbamid" və "SOCAR Polymer" layihələrində yerli şirkətlərlə iş təcrübəsi barəsində təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda şirkətlər arasında əlaqələrin yaradılması və fikir mübadiləsinin aparılması üçün müzakirələr və işgüzar görüşlər təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti