...

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"a müvəqqəti inzibatçı təyin edib (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2016 11:25 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"a müvəqqəti inzibatçı təyin edib.
Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"a müvəqqəti inzibatçı təyin edib   (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:25-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"a müvəqqəti inzibatçı təyin edib. Trend-in məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün mətbuat konfransında deyib.

O bildirib ki, Palatanın Direktorlar Şurası ötən gün mayın 3-dən "Bank Standard"a müvəqqəti inzibatçı təyin edilməsi ilə bağlı qərar qəbul edib: "Bu, bankın likvidliyinin və kapital mövqeyinin pisləşməsi ilə əlaqədardır".

R.Aslanlı qeyd edib ki, səhmdarlar bankın problemlərini həll etmək vəziyyətində deyillər: "Müvəqqəti inzibatçılıq 3 ay davam edəcək. Bankın sistem əhəmiyyətini nəzərə alaraq o, sağlamlaşdırılacaq və bunun üçün Palata müvafiq proqram hazırlayır".

O əlavə edib ki, problemlərin həll edilməsi üçün bankda maliyyə vəsaitləri ayrılıb: "Cari öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Mərkəzi Bankı öz şərtləri əsasında banka 15 milyon manat ayırıb. Bunun belə, əmanətlər üzrə ödənişlər 1 ay müddətinə dayandırılacaq. Dövlət dəstəyinin tam həcmi müəyyən edildikdən sonra əmanətçilər depozitlərindən istifadə edə biləcəklər. Moratoriya bank əməkdaşlarına və bankın müştəriləri olan şirkət işçilərinə şamil edilmir. Banka ayrılan maliyyə dəstəyin hesabına əmək haqlarının ödənişinə artıq başlanılıb".

R. Aslanlı diqqətə çatdırıb: "Bizim hesablamalarımıza görə, banka təxminən 10 milyon manat lazımdır, lakin yaranmış vəziyyəti nəzərə alaraq biz bankın cari öhdəliklərinin icrası üçün Mərkəzi Bankdan xahiş etdik ki, ona bir az çox vəsait ayrılsın. Ona görə də bu gün AMB-nin İdarə Heyəti "Bank Standard"a 6 ay müddətinə və öz kreditləşdirmə şərtləri əsasında15 milyon manat vəsaitin ayrılması barədə qərar qəbul edib. Lazımi vəsait bankın hesabına artıq köçürülüb".

O bildirib ki, "Bank Standard" müflis elan edilməyib: "Bank bütün parametrlər üzrə sistemli əhəmiyyətə malikdir və əhalinin əmanətlərinin həcminə görə üçüncüdür, buna görə də hökumət bankın maliyyə davamlılığını bərpa etmək üçün bütün lazımi tədbirləri görəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti