...

Ağcabədidə sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 16:22 (UTC +04:00)
Ağcabədidə sahibkarlara güzəştli kreditlər verilib.
Ağcabədidə sahibkarlara güzəştli kreditlər verilib

Bakı. Trend:

Mayın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunun Rəncbərlər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağcabədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

90-dan çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-ci ilin ötən dövrü ərzində 742 sahibkara 49 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 480,8 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Ağcabədi və ətraf rayonlardan olan 85 sahibkara 3 milyon manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, iri fermer təsərrüfatının yaradılmasına, heyvandarlıq, pambıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin açılması imkanı yaradır.

Forum çərçivəsində Ağcabədi və Beyləqan rayonlarının ərazisində güzəştli kreditlər hesabına yaradılmış özəl pilot taxılçılıq və Ağcabədi rayonunda pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.

Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72 milyon manatdan çox güzəştli kredit verilmişdir. Hazırda təsərrüfatlarda əsasən müasir suvarma sistemləri qurulub. Bu təsərrüfatlardan 5-də növbəli əkin sistemi tətbiq olunmaqla pambıq da əkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti