...

Bank Standard-da xırda əmanətlərin ödənilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 16:43
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, mayın 3-dən etibarən QSC “Bank Standard” KB-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.
Bank Standard-da xırda əmanətlərin ödənilməsinə başlanılır

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, mayın 3-dən etibarən QSC "Bank Standard" KB-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.

Palatadan Trend-ə verilən məlumata görə, buna səbəb son dövrlər "Bank Standard" KB-nin aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması idi. MBNP "Bank Standard" KB-də yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama təyin etmişdi. Palatanın qiymətləndirməsi müəyyən etmişdi ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.

Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün MBNP tərəfindən banka inzibatçı təyin edilmişdi və bankın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 3 may 2016-cı il tarixindən etibarən 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdı (moratorium qoyulmuşdu).

Ötən dövr ərzində müvəqqəti inzibatçı bankın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görüb.

Bu tədbirlərin nəticəsində toplanmış vəsaitlər hesabına 3 iyun 2016-cı il tarixindən etibarən fiziki şəxslərin "Bank Standard" KB-dakı 1,000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılır. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də davam edəcək.

Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.

Müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması üzrə fəaliyyətini davam edir. Bununla əlaqədar Palata bir daha bankın borclularını öz öhdəliklərini intizamla icra etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti