Bakı. Ənvər Məmmədov - Trend:
"Unibank" ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov, AMB-nin Hüquq departamentinin direktoru Rəna Məlikova və "AGBank"ın Xəzinədarlıq departamentinin direktoru İsi Mustafayev Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının tərkibindən çıxıblar.
Trend-in məlumatına görə, onları Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov, Palatanın Strateji təhrik və risklərin idarə edilməsi şöbəsinin müdiri, Strateji xidmətlər departamentinin səlahiyyətlərini icra edən Asim Zülfüqarov, AMB-nin Makroiqtisadi araşdırmalar departamentinin direktoru Şaiq Adıgözəlov və "Kapital Bank"ın Müşahidə Şurasının sədri Cəlal Qasımov əvəzləyib.
Şurada, həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə heyətinin sədri Elmar Məmmədov, Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov təmsil olunub.
Hazırda Himayəçilik Şurasının sədri və onun müavinləri vəzifələri vakant qalır. ADIF-in icraçı direktoru Azad Cavadov Trend-ə deyib ki, onlar Şuranın növbəti iclasında seçiləcək: "Biz Şuranın iclasını iyulun üçüncü ongünlüyündə keçirməyi planlaşdırırıq".