...

SOCAR və “ASAN xidmət” saziş imzaladılar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2016 16:53 (UTC +04:00)
SOCAR və “ASAN xidmət” arasında Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişinin imzalanması mərasimi keçirilib.
SOCAR və “ASAN xidmət” saziş imzaladılar (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Oktyabrın 21-də SOCAR ilə “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, şirkət və “ASAN xidmət” rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən R.Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib. O qeyd edib ki, indiyədək ölkənin neft-qaz sektoruna 68,2 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb.

Onun sözlərinə görə, son 7 ildə faiz, vergi və amartizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib. Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan Dövlət Neft Şirkəti ilə “ASAN xidmət” mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən SOCAR prezidenti 20 sentyabr - 10 oktyabr tarixləri aralığında ölkə ərzisində satışa çıxarılmış SOCAR İstiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN xidmət”in və onun əməksevər kollektivinin mühüm dəstəyindən danışıb. O, Azərbaycan Prezidentinin 23 senytyabr tarixli müvafiq fərmanı ilə “ASAN xidmət”in tabeliyində yaradılmış “ABAD” - Ailə, Biznesinə Asan Dəstək mərkəzlərinin rolunu yüksək qiymətləndirib.

SOCAR prezidenti qeyd edib ki, “ABAD” mərkəzləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq.

Daha sonra SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan R.Abdullayev deyib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcək. Əməkdaşlıq sazişi başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur. R.Abdullayev bildirib ki, “ASAN xidmət” olduqca gənc bir qurum olmasına baxmayaraq, göstərdiyi professional, çoxşaxəli və şəffaf xidmətlərlə bu gün dövlətimizin və vətəndaşlarımızın nəzərində haqlı olaraq böyük etibar və təqdir qazanmış mühüm qurumlardan birinə çevrilib.

Sonra SOCAR ilə “ABAD xidmət” arasında Anlaşma Memorandumu və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişini şirkət prezidenti R.Abdullayev və “ASAN xidmət”in rəisi İ.Kərimov imzalayıblar.

Sonda SOCAR İstiqrazlarının təbliğ və təşviqində göstərmiş olduqları yüksək fəallıq və məhsuladar əməkdaşlığa görə “ASAN xidmət”in bir qrup əməkdaş və könüllülərinə şirkətin Fəxri fərmanları və sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti