...

Nazir: Ötən il 165 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2017 13:05 (UTC +04:00)

Bakı. Trend:

Sosial təminat sisteminin əhatəliliyinin artırılması, səmərəliliyinin yüksəldilməsi, bu sahədə iş mexanizmlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi ilə ünvanlılığın və şəffaflığın tam təmin olunması 2016-cı ildə də ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.

S.Müslümov bildirib ki, dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü, iqtisadi və maliyyə böhranının kəskin xarakter aldığı 2016-cı ildə dünya ölkələrinin üzləşdiyi çətinliklərdən ölkəmizin uğurla çıxa bilməsi ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən respublikada postenerji dövrünə xas çevik və səmərəli, elmi-praqmatik əsaslara söykənən iqtisadi idarəetmə sisteminin qurulması sayəsində mümkün olub. Çətin şəraitdə dövlətin valyuta ehtiyatlarının qorunub saxlanmasına nail olunmaqla, iqtisadi şaxələndirmənin daha da genişləndirilməsi, qeyri-neft sənayesinin və regionların inkişafı istiqamətində növbəti addımların atılması təmin edilib: “Qeyd olunan müsbət proseslər əhalinin sosial rifah halının da mümkün risklərdən qorunması ilə müşahidə olunub. 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri yaradılıb. Bu və digər mühüm sosial müdafiə tədbirləri, o cümlədən sosial ödənişlərin artırılması, bunun üçün 600 milyon manatadək əlavə vəsait yönəldilməsi ilə ailə gəlirlərinin azalmasının, əhalinin minimum istehlak səbətinə və aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinə mənfi təsirlərin qarşısının alınmasına nail olunub”.

Sosial proqramların uğurlu icrası, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini bildirən nazir ötən il bu təbəqələrdən olan 288 nəfərin mənzillə (o cümlədən 118 nəfərin yeni inşa olunmuş binalardan mənzillə, 170 nəfərin isə fərdi yaşayış evi ilə) təminatının həyata keçirildiyini, 140 nəfər imtiyazlı şəxsin dövlət büdcəsi hesabına avtomobillə təmin edildiyini diqqətə çatdırıb: “Ümumilikdə, dövlət başçısının müvafiq fərman və sərəncamları sosial təminat sisteminin bütün istiqamətləri üzrə artım dinamikasının davam etməsinə şərait yaradıb. Misal üçün, ötən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilib ki, bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 milyon manat və ya 11,6 faiz çox olub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb”.

S.Müslümov bildirib ki, sosial təminat sisteminin əhatəliliyinin artması amili sosial yardım proqramında da özünü göstərir: “Keçən il orta hesabla 165352 ailə (692044 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunduğunu təsdiq edir. Həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,70 manat (ailə üzvünə görə 36,12 manat) olub”.

Nazir ötən ilin uğurlu islahat tədbirlərinə də toxunub, 2016-cı ilin fevralında ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) istifadəyə verilməsi ilə müasir, məmur müdaxiləsi heç bir halda mümkün olmayan və tam şəffaf sosial yardım sisteminin formalaşdığını vurğulayıb: “Bu gün bizim digər avtomatlaşdırılmış sistemlərimiz kimi, VEMTAS-a da mötəbər beynəlxalq təşkilatlar tərəfindən böyük maraq müşahidə edilir. Bu günlərdə Dünya Bankının ekspert qrupunun müraciətinə əsasən, təşkilatın Vaşinqton şəhərindəki mərkəzi ofisi üçün bu sistemin geniş təqdimatı keçirildi. BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında bu və digər avtomatlaşdırılmış sistemlərimiz təbliğ edilir. Həmin sistemlərlə bağlı bizim təcrübəmizi öyrənməyə maraq göstərən ölkələrin sayı da artır”.

Nazir qeyd edib ki, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti istifadəyə verildiyi vaxtdan “Elektron Hökumət” portalında əhalinin ən çox faydalandığı e-xidmətlərdən biridir. 2016-cı il fevral ayında “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən cari ilin 01 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edilib: “Ümumilikdə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir və geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə 2016-cı ildə 6 milyon 550 min dəfə yararlanıblar”.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üzrə də artım dinamikasının davam etdiyini bildirən nazir Fondun gəlirlərinin 2015-ci ilə nisbətən 262,69 milyon manat və ya 9,01 faiz artaraq 3177,34 milyon manata yüksəldiyini vurğulayıb. S.Müslümov diqqətə çatdırıb ki, müsbət faktorlardan biri kimi və iqtisadi inkişafın daha bir əyani təsdiqi olaraq, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında da artım qeydə alınıb. Belə ki, 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,44 faiz və ya 116,23 milyon manat artaraq 1921,35 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,54 faizini və ya 1220,78 milyon manatını təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz və ya 66,91 milyon manat çoxdur: “Dövlət başçısının “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamları, habelə 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının artırılması ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin cari ildə də uğurla davam etdirildiyini göstərir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, ki, Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2017-cı ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 3 371 ,9 min nəfərə çatıb. Ötən il Fondun xərcləri 3194,89 milyon manat təşkil edib və bunun da 3135,68 milyon manatı və yaxud 98,1 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3043,86 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət xərcləri isə 91,82 milyon manat olub. İlin əvvəlinə büdcə qalığı və Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Ölkə üzrə əmək pensiyaçılarının sayı 1 yanvar 2017-ci il tarixinə 15281 nəfər və ya 1,2 faiz artaraq (o cümlədən yaşa görə 0,1 faiz, ailə başçısını itirməyə görə 3,8 faiz, əlilliyə görə 2,4 faiz artmışdır) 1 315 227 nəfər təşkil edib.

Ötən il əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə 1015 nəfər bu təbəqədən olan şəxs ölkəmizin müxtəlif bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərinə göndərilib. 2016-cı ildə Fondun tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1085 nəfər tam dövlət təminatında olub. Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır və ötən il müəssisənin 125 nəfərlik ikinci korpusu da istifadəyə verilib. Eyni zamanda hesabat dövründə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə 350 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və kursları bitirənlərə sertifikatlar verilib. Hazırda Mərkəzdə 113 nəfər kurs keçir. Yeni sosial müdafiə əhəmiyyətli obyektlər kimi, 2016-cı ilin dekabr ayında Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzi, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq və yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi istifadəyə verilib. Ötən il nazirliyin müəyyən etdiyi prioritet istiqamətlər üzrə sosial sifarişlər əsasında QHT-lər tərəfindən 37 layihə üzrə 2046 nəfər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.

Əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, insan alveri qurbanlarına ehtiyac duyduqları yardımların təşkili, tənha ahıl və əlilliyi olan şəxslərə evlərində sosial xidmətin göstərilməsi və digər aidiyyəti fəaliyyət sahələrində görülən işlərin yekunları da diqqətə çatdırılıb.

İclasda 2016-cı ildə sosial cəhətdən həssas əhali qruplarının sosial təminatının gücləndirilməsi sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Əldə olunmuş uğurlu nəticələrdən bəhs olunmaqla yanaşı, yol verilmiş ayrı-ayrı nöqsanlar da qeyd edilib, fəaliyyətində, habelə əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti