...

Nazir: Ötən il 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2017 11:58 (UTC +04:00)
Cari ilin birinci yarımilində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazir: Ötən il 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bölgədə və dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin, böhran proseslərinin hökm sürdüyü şəraitdə sabitlik və əmin-amanlıq məkanı olan Azərbaycanda bütün istiqamətlər üzrə inkişaf tempinin davam etdiyini vurğulayıb:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursunun nəticəsi olaraq ölkədə yaşanan sabit inkişaf tempi sosial məsələlərin həlli və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımların atılması ilə müşahidə edilir. Cari ildə də ölkənin ümumi inkişafında sosial müdafiə amili ön planda dayanmaqla, bu sahədə bütün proqramların icrası, sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial təminat sistemi ilə əhatə olunması, bu sistemin səmərəliliyinin artırılmasına və uzunmüddətli dayanıqlığına yönələn məqsədyönlü islahatların reallaşdırılması təmin olunub”.

Son illərdə nazirliyin fəaliyyət sahələrində İKT-nin uğurlu tətbiqi işlərinin aparıldığını qeyd edən S.Müslümov yeni yaradılan elektron sistemlər nəticəsində əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində idarəetmənin və əhaliyə xidmətlərin müasir və şəffaf şəkildə qurulduğunu diqqətə çatdırıb: “Sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsi və 2017-ci ilin 1 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması əhaliyə xidmətlərin elektron müstəvidə sadələşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, səmərəli iş mexanizmlərinin tətbiqi yönündə ötən dövrdə aparılan işlərin davamıdır”.

Nazir ölkəmizdə bütün sosial proqramlar kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının da uğurla icra edildiyini vurğulayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli 569 nömrəli sərəncamının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin yeni mənzillə təminatı həyata keçirilib. Cari ildə də nazirliyin sifarişi ilə Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala Qazax, İsmayıllı rayonlarında inşa olunmuş yeni fərdi yaşayış evləri, ümumilikdə 29 ev bu təbəqələrdən olan insanlara təqdim olunub”.

Cari ilin ilk yarımilində respublika əhalisinin 4,4 faizinə və ya 442 800 nəfərə aylıq və birdəfəlik sosial müavinət, 58 638 nəfərə isə Azərbaycan Prezidentinin aylıq təqaüdlərinin təyin olunaraq ödənildiyini qeyd edən S.Müslümov bu məqsədlər üçün ödənilən vəsaitin məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 milyon manat və ya 4,2 faiz artdığını, bunun da sosial müdafiə sahəsində dövlət qayğısının ildən ilə artmasının bir göstəricisi olduğunu deyib: “2016-cı ilin 15 fevralından tətbiq olunan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi dövlət sosial yardım sisteminin müasir əsaslar üzərində və tam şəffaf şəraitdə, ünvanlılıq prinsipinə uyğun formalaşmasına imkan verən, ötən müddətdə özünü məhz gözlənilən səviyyədə doğruldan uğurlu təcrübələrimizdən biridir. Sosial yardımın alınması üçün vətəndaşlar tərəfindən edilən elektron müraciətlərə sistem tərəfindən elektron şəkildə baxılaraq qərar qəbulu prosesi normal qaydada davam etdirilir. Həmin elektron sistemin tətbiqi ictimai məmnunluğa səbəb olmaqla ünvanlı dövlət sosial yardımı ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının da minimuma enməsi ilə nəticələnib".

Əhalinin sosial müdafiəsi işinin digər istiqamətlərində də məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edən nazir bu sahədə fəaliyyətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısına layiq şəkildə davam etdirilməsinin qarşıda duran əsas vəzifə olduğunu vurğulayıb.

İclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların diqqət və qayğı ilə əhatə olunması, sosial xidmətlərin təşkili və s. sahələrdə görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində dövlət təminatında yaşayanların sayı 1089 nəfər təşkil edib. Bu dövrdə Fondun yerli orqanlarının sosial işçiləri tərəfindən 11 209 nəfər tənha ahıl və əlillliyi olan şəxsə evlərində sosial məişət xidməti göstərilib. Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan layihələr üzrə 2000 nəfərdən çox ehtiyacı olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Son 6 ayda əlilliyi olan insanların asudə vaxtının təşkili məqsədi ilə bu təbəqədən olan 906 nəfərin Lənkəran, Xaçmaz və Quba rayonlarında yerləşən istirahət sağlamlıq mərkəzlərində istirahəti təşkil edilib və hazırda da bu işlər davam etdirilir.

Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının və insan alveri qurbanlarına ehtiyac duyduqları yardımların təşkili, əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və digər aidiyyəti fəaliyyət sahələrində görülən işlər də diqqətə çatdırılıb.

İclasda 2017-ci ilin birinci yarımilində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, sosial proqramların icrası sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. Bu sahədə müsbət nəticələr vurğulanmaqla, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub. Öz fəaliyyətini və əhaliyə xidmətin təşkilini düzgün qura bilməyən və işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib. S.Müslümov pensiya qanunvericiliyində dəyişikliklərdən irəli gələn məsələlər, sığortaedənlərlə işin, habelə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin səmərəli təşkili və s. ilə əlaqədar tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti