...

Zaur Qəhrəmanov: 2019-cu il “SOCAR Türkiyə” üçün şirkətin investisiyalarının nəticələrini əldə etməyə başladığı il kimi xüsusi əhəmiyyət daşıyır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2020 15:26 (UTC +04:00)
Trend-in “SOCAR Türkiyə” şirkətinin baş direktoru Zaur Qəhrəmanovla özəl müsahibəsi
Zaur Qəhrəmanov: 2019-cu il “SOCAR Türkiyə” üçün şirkətin investisiyalarının nəticələrini əldə etməyə başladığı il kimi xüsusi əhəmiyyət daşıyır

Bakı. Ləman Zeynalova - Trend:

Trend-inSOCAR Türkiyə” şirkətinin baş direktoru Zaur Qəhrəmanovla özəl müsahibəsi

2019-cu ilin yekunları

Z.Qəhrəmanov bildirib ki, 2019-cu il “SOCAR Türkiyə” üçün şirkətin qoyduğu investisiyalarının nəticələrini əldə etməyə başladığı il kimi xüsusi əhəmiyyət daşıyır.

“Bildiyiniz kimi, 2018-ci ilin iyununda enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm rol oynayan Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasimi keçirilmişdir. Həmin vaxtdan etibarən TANAP vasitəsilə Türkiyəyə kommersiya məqsədi ilə Azərbaycan qazının tədarükü başladı. 2019-cu ilin sonunda isə 1850 kilometr uzunluğa malik TANAP-ın tikintisi tam başa çatdı və İpsalada keçirillən açılış mərasimi ilə təbii qaz Avropa sərhədinədək çatmış oldu”.

O qeyd edib ki, Trans-Adriatik qaz kəmərinin (TAP) istismara verilməsi ilə Azərbaycan təbii qazının Avropaya nəqli başlayacaq:

“2018-ci ilin oktyabrında 6,3 milyard dollar dəyərə malik “Star” neft emalı zavodunun açılışı mərasimi keçirilmişdir. Türkiyənin cari əməliyyatlar kəsirində mühüm yer tutan dizel yanacağı, nafta, aviasiya yanacağı və mayeləşdirilmiş neft qazı kimi məhsullar istehsal edən zavod 2019-cu ildə tam gücü ilə işləməyə başlayaraq daxili bazara məhsul satışları həyata keçirməyə başladı”.

Baş direktor əlavə edib ki, 2019-cu ilin iyununda “Bursagaz”, “Kayserigaz”, “SOCAR Enerji Ticaret”, “Enervis” və “Millenicom”un satın alınması ötən ilin daha bir mühüm nəticəsi kimi qiymətləndirilə bilər.

Bununla, “SOCAR Türkiyə” təbii qazın paylanması prosesində də iştirak etməyə başlayaraq “neft emalı – neft-kimya – energetika – logistika – paylama – tədarük” halqasını tamamlayıb:

“Beləliklə, biz qrupun bütün şirkətlərini əhatə edən inteqrasiya prosesinə başlayaraq “SOCAR Türkiyə Emal və Neft-Kimya”, “SOCAR Türkiyə Təbii Qaz”, “SOCAR Türkiyə İnnovasiyalar və Texnologiyalar” və “SOCAR Türkiyə Logistika” bölmələrini yaratdıq. Düşünürəm ki, “Star” neft emalı zavodu bu inteqrasiyanın bizə hansı faydalar gətirəcəyinin ilk parlaq nümunəsidir. Biz “Star” neft emalı zavodu və “Petkim”in birgə fəaliyyətinin üstünlüklərini “Petkim”in 2019-cu ilin üçüncü rübü üzrə maliyyə hesabatında gördük. Bölmələrimizdə yaratdığımız ümumi infrastruktur, eləcə də göstəriləcək birgə xidmətlər sayəsində fəaliyyətimizin mənfəətliliyini artırmağa davam edəcəyik”.

TANAP vasitəsilə qaz nəqli

Z.Qəhrəmanov deyib ki, 3500 kilometr uzunluğa malik “Cənub Qaz Dəhlizi”nin ən vacib hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə qaz nəqlinin həcmi 2019-cu ilin sonunda 3,7 milyard kubmetrə çatıb.

O qeyd edib ki, ümumi nəql gücü ildə 16 milyard kubmetr olan TANAP vasitəsilə ildə 6 milyard kubmetr qaz Türkiyəyə tədarük ediləcək, qalan 10 milyard kubmetr həcmində təbii qaz isə Türkiyə-Yunanıstan sərhədində TAP-a ötürüləcək.

Onun sözlərinə görə, bu layihə sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında effektiv rol oynayacaq.

“Petkim” neft-kimya kompleksi

“2008-ci ildə səhmlərinin 51%-ni Özəlləşdirmə İdarəsindən satın aldığımız “Petkim” neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrə olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan “Petkim”in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir. Biz daim “Petkim”də keçid məhsullarının emalı və onların fərqli məhsula çevrilməsi üçün investisiya imkanlarını dəyərləndiririk”.

“Petkim”in 55 illik faəliyyət təcrübəsi və Araşdırma-İnkişaf Mərkəzinin (AR-GE) köməyi ilə biz mövcud müəssisələrimizi və ya əlavə investisiyalar vasitəsilə neft-kimya portfelimizi genişləndirmək məqsədilə araşdırmalarımızı və biznesin inkişafı istəqamətidə faəliyyətimizi davam etdiririk. Bu il gündəmimizdə “Star” neft emalı zavodu ilə “Petkim”in inteqrasiyası nəticəsində istehsal ediləcək məhsullarımız üçün alternativləri dəyərləndirmək məsələləri dayanır”.

O qeyd edib ki, 2019-cu ilin üçüncü rübündə dünya bazarlarında həm ümumi planda, həm də neft-kimya sahəsində azalmaya baxmayaraq, “Petkim”in maliyyə nəticələri kifayət qədər yaxşı olub.

Z.Qəhrəmanov deyib ki, “Petkim” 2019-cu ildə ümumilikdə 3,4 milyon ton həcmində məhsul istehsal etməklə rekorda imza atıb və 2020-ci ildə də bu uğurlu dinamikanın davam etməsi planlaşdırılır.

Daha sonra o qeyd edib ki, dünyanın 78 ölkəsinə məhsul ixrac edən “Petkim” neft-kimya kompleksi dünya bazarında öz məhsulunun yüksək keyfiyyəti ilə seçilir.

Onun sözlərinə görə, “Turquality” proqramı çərçivəsində “Petkim”in hər bir məhsulu üçün hədəf bazarlarının araşdırılması həyata keçirilib:

“Bu araşdırmada 2017-ci ilin yekunlarına əsasən 50 milyard dollardan çox ÜDM-i olan ölkələr, coğrafi mövqe, siyasi sabitlik, bazara daxil olmanın çətinliyi kimi meyarlar üzrə sıralanıb və yüksək iqtisadi potensialı olan ölkələr hədəf bazarı qismində seçilib. Yüksək iqtisadi potensialı olan Malayziya və Pakistan da hədəf bazarlar siyahımıza daxildir”.

O bildirib ki, “Petkim” neft-kimya kompleksi nəzarət paketinin satın alınmasından sonra “SOCAR Türkiyə” buraya hər il ortalama 100 milyon dollaradək investisiya yatırıb:

“Bizim 2008-2018-ci illərdə “Petkim”əlavə ümumi investisiyalarımızın həcmi təxminən bir milyard dollar təşkil edib”.

Z.Qəhrəmanov qeyd edib ki, investisiyanın yatırılması zamanı zavodların modernləşdirilməsi, ümumi abadlıq, rəqəmsallaşma, eləcə də enerji və ətraf mühitlə bağlı investisiyalar prioritet təşkil edib:

“Biz 2020-ci ildə “Petkim”də fəaliyyətin rəqəmsallaşdırılması və zavodlarımızın modernləşdirilməsini davam etdirəcəyik”.

“Star” neft emalı zavodu

Z.Qəhrəmanov deyib ki, 2019-cu ilin sentyabrında tam istehsal gücü ilə işləməyə başlayan “Star” neft emalı zavodunda xam neftin emalı ilin sonunda 7,2 milyon tona çatıb.

O xatırladıb ki, Türkiyədə real sektorun ən böyük investisiya layihəsi olan “Star” neft emalı zavodu 2018-c ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilmiş açılış mərasimindən sonra faəliyyətə başlayıb:

“İldə 10 milyon ton xam neft emalı gücü olan “Star” neft emalı zavodu 4,8 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta ilə yanaşı Türkiyənin cari əməliyyatlar kəsirində mühüm yer tutan aviasiya yanacağı və mayeləşdirilmiş neft qazı istehsal edir”.

Z.Qəhrəmanov qeyd edib ki, 6,3 milyard dollar investisiya dəyəri olan “Star” neft emalı zavodunda ən müasir texnologiyalardan istifadə olunur:

“Bu istiqamətdə olan fəaliyyətlərimizdə əsasən modelləşdirmə işləri aparırıq və bazar qiymətlərinə uyğun ən yaxşı qiymət və keyfiyyətə malik məhsulları alaraq emal edirik. Təbii ki, bu məhsulların həcmi və həmin məhsulları idxal etdiyimiz ölkələr dəyişir. Rusiya və İraqdan başqa 2019-cu ilin sonundan etibarən bu məhsulları daha çox sayda mənbədən idxal etməyə başlamışıq. Biz idxal mənbələrimizi daha da artırmağı planlaşdırırıq”.

Yeni neft-kimya kompleksinin tikintisi üzrə BP ilə birgə layihə

“İzmirin Əliağa Xüsusi iqtisadi zonasında reallaşdırılmasını nəzərdə tutduğumuz neft-kimya kompleksi layihəsi üzrə ilkin mühəndis və layihələndirmə işləri davam edir. 2020-ci il ərzində layihə üzrə yekun investisiya qərarı barədə məlumat verəcəyik. Bu obyektin istifadəyə verilməsi ilə Türkiyəyə xalis tereftal turşusunun idxalının sıfıra enəcəyi gözlənilir. Eyni zamanda, bu kompleksdə ölkəyə hazırda 800 min ton həcmində idxal olunan paraksilol məhsullarının istehsalı mümkün olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti