Bakı. Ləman Zeynalova - Trend:
15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün Azərbaycandakı İsrail səfirliyinə müraciət edib.
Bunu Trend-ə özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
“Daha çox şirkət isə səfirlik vasitəsilə deyil, birbaşa müraciət edib. Hesab edirəm ki, söhbət “ağıllı” şəhərlərin tikintisindən “yaşıl” enerji, kənd təsərrüfatı, xəstəxana, spa mərkəzi tikintisinədək müxtəlif layihələr üçün müraciət edən onlarla şirkətdən gedir. İndi bizdə fəal özəl sektor var, onlar səfirlikdən asılı olmadan fəaliyyət göstərir”, - deyə o bildirib.
Səfir qeyd edib ki, İsrail həmişə Azərbaycanı, xüsusən də ərazi bütövlüyü məsələsində dəstəkləyib.
“Biz şadıq ki, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və dirçəltmək imkanı var. Hesab edirik ki, bu, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı üçün böyük imkanlar yaradır. Həmçinin hesab edirik ki, İsrail su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, səhiyyə, innovasiyalar, “ağıllı” şəhərlər, “yaşıl” enerji kimi sahələrdə öz töhfəsini verə bilər. Fikrimcə, İsrailin bu sahələrdə Azərbaycanın yaxşı tərəfdaşına çevrilmək imkanı var”, - C.Dik deyib.
Onun sözlərinə görə, hazırda İsrailin özəl sektorunun iştirakı ilə kənd təsərrüfatı sahəsində bir neçə layihə hazırlıq mərhələsindədir.
“Bu layihələrdən birini Zəngilanda reallaşdırmaq planlaşdırılır. Biz onun reallaşdırılması ilə bağlı nikbin əhval-ruhiyyədəyik. Bu layihə yaxın zamanlarda hazırlanacaq. İsrail şirkəti ferma və “ağıllı” kənd yaradıb işə salmağı planlaşdırır. Biz bu sazişləri hökumət xətti ilə bağlamırıq. İsrail şirkətlər Azərbaycandakı tərəfdaşlarımızla birbaşa müqavilələr imzalayır. Məsələn, Zəngilanda “ağıllı” şəhərin yaradılması ilə bağlı müqaviləyə cavabdeh olan Azərbaycan şirkəti var. Onlar iki özəl şirkət arasında sənədləri imzalayır. Bu layihə üzrə danışıqlar aparılırdı. Hesab edirəm ki, artıq proses başa çatıb və burada süd istehsalı üçün yüzlərlə inək və camışın saxlandığı ferma yaradılmalıdır”, - deyə o bildirib.
Digər sahələrə gəldikdə, səfir vurğulayıb ki, Ağdamda su sektoru üzrə layihələr mövcuddur və bununla bağlı “Mekorot”, “Baran Group” və digər şirkətlərlə danışıqlar aparılıb.
O əlavə edib ki, İsrail şirkətləri həmçinin Qarabağda və Azərbaycanın digər ərazilərində “yaşıl” enerji sahəsində layihələrdə iştirak etməyə hazırdır.
“Hazırda Abşeronda, xüsusilə günəş və külək enerjisi sahələrində İsrail şirkətlərini maraqlandıra biləcək layihələr var. Biz bu sahədə şirkətlər arasında əməkdaşlığı genişləndirməyə çalışırıq. Biz bir şeyi yadda saxlamalıyıq: Qarabağın bərpası Azərbaycan üçün tarixi məqamdır. İsrail uzunmüddətli perspektivdə Azərbaycanla dostluq və tərəfdaşlığı hədəfləyir. Biz İsrail təcrübəsi və dəstəyinin tələb olunacağı bütün sahələrdə Azərbaycana kömək etməyə hazırıq”, - səfir deyib.
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı C.Dik bildirib ki, bununla əlaqədar onun Azərbaycan Minatəmizləmə Agentliyində görüşləri olub.
“Bir neçə İsrail şirkəti buraya gələrək agentliklə məsləhətləşmələr keçirib. Bu şirkətlərin nümayəndələri həmin ərazilərdə olub və öz təkliflərini də irəli sürüb”, - C.Dik vurğulayıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)