Bakı. Trend:
Pakistan və Azərbaycan arasında ticarətin hazırkı səviyyəsi mövcud potensiala cavab vermir və iki ölkə arasında ticarət və əməkdaşlığın artırılmasına təcili ehtiyac var.
Bu barədə Trend-ə özəl olaraq Pakistanın federal ticarət naziri Cavad Pol deyib.
"Pakistan və Azərbaycan hökumətləri hər iki ölkənin özəl şirkətləri arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdırlar və sentyabrın 16-da Bakıda keçirilən biznes forum, xüsusən də iş adamları üçün belə imkanlar yaratdı. Əslində, biznes forum bizə əməkdaşlıq üçün yeni perspektivlər açmağa imkan verib", - deyə C.Pol qeyd edib.
Onun fikrincə, logistika, kənd təsərrüfatı və ərzaq sahələrində böyük potensial var ki, bu sahədə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi mümkündür.
Qeyd edək ki, 2023-cü ildə Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi 27 milyon dollar təşkil edib.