İyunun 7-də Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin İnkişaf Proqramı (UNDP) və Avropa Komissiyası ilə birgə gerçəkləşdirilən "Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində alınmış kompüter avadanlığının təqdimat mərasimi keçiriləcək.
Trend agentliyinin UNDP-yə istinadən yaydığı məlumata əsasən, Avropa Komissiyası tərəfindən maliyyəlşdirilən 1 illik birgə layihənin gerçəkləşdirilməsinə 2006-cı ilin yanvarında başlanıb.
900 min avroluq layihənin əsas məqsədi DGK-yə gömrük sahəsində qanunverici bazanı təkmilləşdirmək, onun dünya standartlarına, xüsusilə, Avropa Birliyi gömrük məcəlləsinə uyğunlaşdırmaq, DGK-nin informasiya texnologiyalarının inkişaf strategiyasını təkmilləşdirmək və gerçəkləşdirməkdir.
Komitəyə təqdim olunacaq avadanlıqlar arasında 210 min AZY həcmində kompüter serverləri var.
Tədbirdə layihənin ümumi təqdimat mərasimi keçiriləcək ki, burada DGK-nin rəhbəri Aydın Əliyev, BMT-nin rezident-koordinatoru və UNDP-nin rezident-nümayəndəsi Marko Borsotti və başqa şəxslər iştirak edəcək. Təqdimat mərasiminin sonunda KİV üçün brifinq təşkil olunacaq.