...

Azərbaycan müəssisələri məhsulun keyfiyyətinə ciddi yanaşmalıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2006 17:20 (UTC +04:00)

Bu gün İqtisadi İnkişaf Nazirliyi (İİN) Azərbaycan mənşəli ərzaq mallarının Avropa Birliyi ölkələrinə ixracı ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş elmi-təcrübi seminar keçirib. Trend in Nazirliyin press-relizinə istinadən verdiyi xəbərə görə, görüşdə İİN-nin məsul işçiləri, öz məhsullarının Avropaya ixracı üçün geniş imkanlara malik bir sıra müəssisə rəhbərləri iştirak edib.

Görüşdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, ölkənin ixrac potensialının artması iqtisadi islahatların əsas istiqamətlərindən biridir. O, bu istiqamətdə görülən tədbirlər haqqında məlumat verib. Onun sözlərinə görə, ildən-ilə sahibkarlıq subyektləri üzərində dövlət qayğısı artır və bu, ölkənin ixrac potensialının artmasında mühüm rol oynayır. 2005-ci ildə Azərbaycana 4,3 mlrd. ABŞ dolları məbləğində mal ixrac olunub. 2004-cü illə müqayisədə qeyri-neft məhsullarının ixracı 59,2% artaraq, 1,04 mlrd. ABŞ dolları təşkil edib. 2006-cı ilin birinci yarısında ixracın həcmi 2,9 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin analoji dövründəkindən 2,2 dəfə çoxdur.

"Azərbaycan məhsulunun dünya bazarına, o cümlədən Avropaya çıxarılması ölkənin iqtisadiyyat sahəsində imicinin artmasına və Azərbaycan müəssisələrində istehsalatın genişləndirilməsinə müsbət təsir göstərəcək. Ona görə də istehsalat müəssisələrində məhsulun keyfiyyətinə ciddi yanaşmaq lazımdır, məhsul ixrac edənlər isə bu amilə əsaslanırlar", - deyə nazir müavini qeyd edib.

Seminarda əhalinin keyfiyyətli ərzaq məhsulu ilə təmin edilməsinin yaxşılaşdırılması, həmçinin ixrac potensialının artması üzrə geniş diskussiyalar keçirilib. Bununla əlaqədar, bu sahədə səlahiyyətli orqan- İqtisadi İnkişaf Nazirliyinin, həmçinin müəssisələrin öhdəlikləri müzakirə edilib. Nazirliyin əməkdaşları müəssisə rəhbərləri üçün iş mexanizmi və yeni qaydalar haqqında məlumat veriblər.

Prezidentin "Balıq və digər dəniz məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının tənzimlənməsi haqqında" 12 may 2006-cı il tarixli fərmanı ilə (əlavə və dəyişikliklərlə) İİN -ə ərzaq mallarının Aİ ölkələrinə ixracının tənzimlənməsi üzrə səlahiyyətlər verilib. Bu zaman nazirlik müəssisələrdə keyfiyyət sisteminin tətbiqində iştirak etmək, laborator şəraitdə təhlükəsizlik və məhsulun keyfiyyətini qiymətləndirmək, bunun təsdiqi olaraq keyfiyyət sertifikatı vermək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti