Trend in xəbər verdiyi kimi, bu gün Azərbaycanda Cənubi Koreyanın iqtisadi missiyası ilə aparılan danışıqların yekunu olaraq "Qarşılıqlı anlaşma haqqında" protokolun imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qul imzalayıb.
N.Səfərov Koreya prezidentinin Azərbaycana may səfəri zamanı əldə olunmuş razılaşmanın davamı olaraq aparılan bu danışıqları yüksək qiymətləndirib.
"Koreya ticarət, rabitə və informasiya texnologiyaları sahəsinə sərmayə, energetika, kənd təsərrüfatı kimi 20-dən artıq iqtisadi sahəyə böyük maraq göstərir və bu maraq qarşılıqlıdır", - deyə N. Səfərov qeyd edib.
Onun fikrincə, Azərbaycana sərmayələrin həcmindən danışmaq hələ tezdir, belə ki, bu, layihələrin gerçəkləşdirilməsi lfysisukfh prosesində müəyyən olunacaq. Hazırda isə danışıqlar hələ ilkin müzakirə mərhələsindədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüş zamanı elektron hökumətin yaradılması və informasiya texnologiyalarının inkişafı layihəsində Koreyanın iştirakı imkanları nəzərdən keçirilib.
"Koreya tərəfi ilə həmçinin azad iqtisadi zonanın yaradılması məsələsi müzakirə olunub. Hesab edirik ki, Koreya təcrübəsi bizim üçün faydalı olar və onlar bizə yardım etməyə hazırdırlar", - deyə N. Səfərov qeyd edib.
Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qul Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Bu, Koreya dövlət neft və qaz korporasiyalarının, Daewoo International Corporation, Hyundai Electric & Machinery, SK Corporation kimi aparıcı özəl şirkətlərin, eləcə də tikinti, ticarət, energetika, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində çalışan tanınmış şirkətlərin rəhbərlərinin təmsil olunduğu, 61 nəfərdən ibarət nümayəndə heyətinin tərkibi ilə də öz təsdiqini tapır.