Azərbaycanın Gəncə avtomobil zavodu Belarusda Minskin "MAZ" avtomobil zavodu və Minsk traktor zavodu ilə respublikada bu müəssisələrin itehsalı olan yük avtomobilləri və traktorların yığılması və satışı haqqında müqavilələr bağlayıb. Bu barədə Trend ə eksklüziv olaraq Gəncə zavodunun rəhbəri Xanlar Fətiyev məlumat verib.
Onun sözlərinə görə, yığım prosesinə bu ilin sonunadək 15 min kv. metr sahədə başlanması nəzərdə tutulur.
"Hazırda müəssisə Azərbaycanda gerçəkləşdirmək məqsədilə modifikasiya seçimi üçün bazarın marketinq araşdırılmasını aparmaq niyyətindədir", - deyə o bildirib.
Traktor zavodu 500, avtomobil zavodu isə 400-ə qədər məhsul modifikasiyası istehsal edir. Gəncə zavodu ölkədə ildə təxminən 1000 ədəd yük maşını, 1000 ədəd isə traktor yığa bilər.
Hazır məhsulun satışı zavodun dilerləri tərəfindən həyata keçiriləcək. Artıq müəssisədə Çinin Cangan avtomobilləri yığılır.