...

Bank Respublika 10 mln. USD məbləğində FMO kredit xəttindən istifadə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 15:38 (UTC +04:00)

Bank Respublika Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) 10 mln ABŞ dolları məbləğində kredit xəttindən tam istifadə edib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bu xətt çərçivəsində Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərə 40 kredit verilib. Bu xətt üzrə 1 kreditin orta həcmi 250 min ABŞ dolları təşkil edib. Kreditlər 4 ilədək müddətə verilib.

Bank Respublika və FMO arasında 10 mln ABŞ dolları həcmində kredit xəttinin açılması haqqında müqavilə bu ilin 28 avqust tarixində imzalanıb. Bu Azərbaycanın özəl bank biznesi tarixində ən böyük müqavilələrdən biridir. Kredit xətti 3 ay ərzində tam istifadə edilib və bu bankın aktiv fəaliyyətinin nəticəsidir.

Bank Respublika həmçinin FMO-nun ticarətin maliyyələşdirilməsi üzrə ayırdığı 2 mln. ABŞ dolları məbləğində kredit xəttindən də istifadə edir. Beləliklə, Bank Respublika üçün FMO-nun ayırdığı kredit xətlərinin ümumi həcmi 12 mln. ABŞ dolları təşkil edir.

Bank Respublika həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Almaniya-Azərbaycan Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı, DEG İnvestisiya Şirkəti, Bankgesellschaft Berlin, Raiffeisen, Commerzbank, Sahibkarlığa Yardım Milli Fondu, Azərbaycan İpoteka Fondu və digər maliyyə təşkilatları ilə əməkdaşlıq edir. Müxtəlif maliyyə institutları tərəfindən Bank Respublika üçün ayrılmış kredit xətlərinin ümumi həcmi 65 mln. ABŞ dollarını keçib.

Xəbər lenti

Xəbər lenti