...

Azərbaycanın ÜTT-yə daxil olması üzrə növbəti danışıqlar 2007-ci ilin mart-aprel aylarında baş tuta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2006 17:04 (UTC +04:00)

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üzrə danışıqların V mərhələsinin keçirilməsinin ilkin müddəti 2007-ci ilin mart-aprel aylarına təyin olunub. Trend in verdiyi xəbərə görə, xarici işlər nazirinin müavini, danışıqlar qrupunun başçısı Mahmud Məmmədquliyev qeyd edib ki, ÜTT üzvləri Azərbaycana bir sıra məsələlər üzrə daha ətraflı məlumat almaq istədiklərini bildiriblər.

İndiyədək Azərbaycan ÜTT ilə 4 görüş keçirib. İlk iki görüş xarici ticarət rejimi məsələlərinin müzakirəsinə həsr olunub, 2005-ci ildən başlayaraq isə, son iki görüşdə ölkə tam miqyaslı danışıqlara keçib. İkitərəfli danışıqlar Azərbaycanın mal və xidmətlər bazarına çıxış məsələsi, çoxtərəfli danışıqlar isə - kənd təsərrüfatının daxili dəstəyi və bu sahədə ixrac subsidiyaları məsələləri üzrə aparılır.

Hazırda Oman, Gürcüstan və Moldova ilə danışıqlar tamamilə başa çatıb. "Bu ölkələrin razılığı var və onlar təkliflərimizi bizim onlara verdiyimiz şəkildə qəbul edirlər və protokol imzalamağa razıdırlar. Bu mərasim - texniki məqamdır, ÜTT üzvləri ilə danışıqların növbəti raundu çərçivəsində 2007-ci ildə baş tuta bilər", - deyə M.Məmmədquliyev qeyd edib.

İkitərəfli danışıqlara hazırlıq üçün ABŞ, Kanada, AB, Avstraliya, Yaponiya və Çindən suallar alınıb. ABŞ və Kanadanı lisenziyalaşdırma, tarif siyasəti, gömrük qanunvericiliyi, intellektual mülkiyyət hüququ məsələləri maraqlandırır. ÜTT-nin üzv-ölkələri Azərbaycanda tarif siyasətinin nə dərəcədə liberal və şəffaf olduğunu və bu günün tələblərinə nə dərəcədə uyğun olduğunu özləri üçün aydınlaşdırmaq istəyirlər. ÜTT-nin tələblərinə görə, idxal olunan və yerli mal və xidmətlər üçün vahid rejim tətbiq olunmalıdır. O cümlədən, aksiz vergi üzrə vahid faizlər müəyyən olunmalıdır. Ölkə hökümətində qeyd ediblər ki, gömrük tarifləri daxili bazarın müdafiəsi üçün əsas tədbirdir, ona görə də ölkə yerli istehsalçılar üçün maksimal münasib şərait yaratmağa çalışmalıdır. AB və ABŞ -ın mövqeyi ÜTT-yə daxil olan ölkənin gömrük tarifləri üzrə öhdəlikləri maksimal surətdə öz üzərinə götürməsinə yönəlib.

Bu gün Azərbaycan qarşısında həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, onun beynəlxalq standartlara, ÜTT standartlarına və ÜTT çərçivəsində imzalanmış sazişlərə uyğunlaşdırılması vəzifəsi durur. Artıq Nazirlər Kabinetinə təqdim olunmuş tədbirlər planına əsasən, qanunvericilikdəki dəyişikliklər bir -iki il ərzində həyata keçirilməli və əsas diqqət 2007-ci ilə yönəldilməlidir. ÜTT-yə daxil olma üzrə danışıqlar prosesinin tamamlanması bundan asılıdır.

Xəbər lenti

Xəbər lenti