Azərbaycan,Bakı/ Trend /Azərbaycan biznesmenlərinin Aktauya səfəri 10-11 may tarixinə planlaşdırılıb. Bu barədə cümə günü Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda bildirilib. İqtisadi İnkişaf Nazirliyi və AZPROMO-nun təşkilati dəstəyi ilə biznesmenlər Qərbi Qazaxıstanın "Sərmayə imkanlarının təqdimatı" sərgisində iştirak edəcək.
Tədbirə qeyri-neft sektorunun bir çox sahələrini təmsil edən 20-dən artıq Azərbaycan biznesmenləri qatılacaq.
May aından etibarən isə Qazaxıstan paytaxtında AZPROMO-nun tərəfdaşlıq ofisi fəaliyyətə başlayıb. Təmsilçiliyin funksiyalarına Qazaxıstanda Azərbaycan şirkətlərinə informasiya dəstəyi göstərilməsi (iqtisadiyyat, hüquq, qanunvericilik, tenderlər və s. məsələlər ilə bağlı), şirkətlərin nümayəndəliyinə yardım göstərilməsi (yerli orqanlar və şirkətlərlə əlaqələr və s.qurmaqda), şirkətlərə təşkilati dəstək göstərilməsi (forumlar, konfranslar, sərgilər və s. təşkili) daxildir.