...

"Millikart" səhmdarları AYİB-ə satılacaq səhmlərin qiymətini müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / "Millikart" Məhdud Məsuliyyətli Cəmiyyətin səhmdarları səhmlərin 9 faizini Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) nominal üzrə satmaq qərarına gəlib. Bu barədə prosesinq mərkəzinin icraçı direktoru Cəlal Orucov məlumat verib. Onun sözlərinə görə, AYİB-ə verilən səhmlər paketinin nominal dəyəri 270 min manat təşkil edir.

"Belə bir beynəlxalq maliyyə institutunun səhmdarlar arasında yer alması "Millikart"ın inkişafına təkan verəcək və onun nüfuzunu artıracaq. Bu üzdən də səhmdarlar səhmləri nominal üzrə satmaq qərarına gəldilər. Üstəlik AYİB mərkəzə texniki yardım da göstərəcək" - deyə Orucov bildirib.

Hazırda AYİB "Millikart"ın təsis sənədlərini öyrənir.

Bu günə bankların mərkəzin kapitalında minimal iştirak payı 1 faiz, maksimal isə 10 faiz təşkil edir. Hazırda mərkəzin kapitalı 4 mln. manata bərabərdir. Səhmdarların sayı isə 18-dir.

Qeyd edək ki, "ParaBank" səhmdar-kommersiya bankı AYİB-ə öz payını verməyə razı olub. MMC-nin təsis edilməsi zamanı (14 iyul 2006-cı il) "ParaBank" 10 faizlik iştirak payı ilə səhmdarlar arasında yer alıb. Lakin sonra o, aksiyalarının 9 faizini sataraq cəmi bir faizlə kifayətlənməyə razılıq verib.

Güman olunur ki, AİYB səhmdarlar arasında yerini bu ilin üçüncü rübündə tutacaq.

Xatırladaq ki, "Millikart"ın təsisçiləri arasında "Atabank", "Azərdəmiryolbank", "Azərtürkbank", "Bank of Baku", "CIBank", "Debütbank", "Əmrahbank", "Xalqbank", "Kredobank", Azərbaycanın mikromaliyyələşdirmə bankı, "ParaBank", "Rabitəbank", "Bank Respublika", "Bank Standard", "Texnikabank", "Turanbank", "UniBank" və "Zaminbank" yer alır.

Xəbər lenti

Xəbər lenti